Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zaman sakinlərlə görüşündə deyib.
Dövlət başçısı vurğulayıb ki, əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir:
“Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm və son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik”.
İlham Əliyev deyib ki, ancaq neftdən asılılıq hələ ki, davam edir və davam edəcək: “Bu asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır. İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun”.
Dövlət başçısı vurğulayıb ki, əhaliyə göstərilən xidmətlərdə çox ciddi islahatlar aparılmışdır: ““ASAN xidmət” artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan çox insan bu xidmətin imkanlarından istifadə edib və əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq yoxdur. Yəni, bunu etmək mümkündür. Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam”.
İlham Əliyev bildirib ki, əlbəttə ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq: “Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik”.
Mən bir daha sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan inamla inkişaf edəcək. Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram. Bir daha sizi təbrik edirəm, bayramlarınızı təbrik edirəm”.
İnterpress.az