Uşaqlarını həyatda saxlamağa çalışan çarəsiz ana…backend

Uşaqlarını həyatda saxlamağa çalışan çarəsiz ana…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çarəsiz ananın tam əvvəldən bəxti gətirməyib. 5 yaşlı övladı Elgün ağır xəstəlik ucbatından dünyasını dəyişib. Bundan sonra ailə dağılmağa başlayıb. Elminaz Məmmədovanın həyat yoldaşı hər şeydə onu günahkar bilib və hər gün əziyyət verməyə başlayıb. Əvvəlcə gücsüz qadını, sonra isə uşaqlarını tez-tez döyən ər bir müddətdən sonra ailəsini belə ağır durumda atıb, gedib.

Elminaz Məmmədova bir uşaq acısı və xəstə iki övladı ilə təkbaşına, çarəsiz qalıb. Atası rəhmətə getdiyi üçün arxasında dayanacaq bir kimsə də olmayıb. Artıq kirayədə qalmağa maddi imkanı olmayan E.Məmmədova, Bülbülə qəsəbəsi, Samir Əliyev 149 ünvanında yerləşən bu otağa məskunlaşıb və uzun müddətdir ki, burada yaşayır.

Bir neçə il öncə E.Məmmədovanın ailəsi onu həyat yoldaşı ilə barışmaq üçün razı salıb. Bu barışıqdan sonra ailəyə Yusif adlı daha bir övlad qismət olub. Lakin uşaq dünyaya göz açan zaman başının üstündə atası dayanmayıb. Çünki atası onu anasının bətnində olan zaman ikinci dəfə atıb, gedib.

Uşaqlarını həyatda saxlamağa çalışan çarəsiz ana...

Hazırda E.Məmmədova bu evdə 3 övladı – 9 yaşlı Günay, 6 yaşlı Fatimə və 3 yaşlı Yusif ilə birgə yaşayır. Yusifin dünyaya gəlməsi ailəni sevindirsə də, bir müddət sonra sonuncu övladlarının da xəstə olduğunu öyrənən E.Məmmədova daha bir zərbə alıb.

Hazırda Yusif asma-bronxit xəstəliyindən əziyyət çəkir. 6 yaşlı Fatimənin isə beynində problem var. Çarəsiz durumda olan əzabkeş ana, imkanlı şəxslərdən yardım dilənir.

Uşaqlarını həyatda saxlamağa çalışan çarəsiz ana...


\”Bir övladımı itirmişəm, ikincisini də itirsəm, yaşaya bilmərəm\”

Evə daxil olan zaman ilk gördüyüm yataqda yuxulayan Yusif oldu. Heç nədən xəbərsiz, sakitcə yatırdı. Nə biləydi ki, anası onun ölməməsi üçün bütün günü çırpınır.

Günay və Fatimə isə oyuncaqları ilə oynayırdılar. Lakin onların oyuncaqları özlərinin və balaca qardaşlarının dərmanları idi. Fatimə şıltaq, sağa-sola qaçan bir uşaqdır.

Günay isə daha sakitdir. Bəlkə də o, hər şeyi anlayırdı. Yaşadığı vəziyyətdən agah idi. Bilirdi ki, o, çətin bir şəraitdə, yoxsulluq içində böyüyür. Bunu onun gözlərindən belə, anlamaq mümkün idi.

Elminaz Məmmədova isə sözlərinə \”Bir övladımı itirmişəm. İkincisini də itirsəm, yaşaya bilmərəm\”, – deyə başladı.

Uşaqlarını həyatda saxlamağa çalışan çarəsiz ana...

\”2 xalça yudum, 10 manat aldım. Evə gəlib, gördüm ki, uşaq boğulur\”

Elminaz xanımın tək dərdi ailəsinə sahib çıxmaq, onları qorumaqdır. Nəmli, yağış yağan zaman hər tərəfindən su tökülən evdə uşaq böyütməyin çətinliklərindən bəhs edən Məmmədova deyir ki, \”Sosial yardım alıram. Onu da dərmanlara xərcləyirəm. Amma faydası az olur. Çünki belə bir şəraitdə böyüyən uşağa heç bir dərman fayda verməz. Bizə normal ev lazımdır. Köçüm, balalarımı alım, \”qanadımın\” altına… Onları böyüdüm\”.

Uşaqlarını həyatda saxlamağa çalışan çarəsiz ana...

\”Uşaqlarım… Mən onlar üçün yaşayıram. Onlar da olmasa, mən niyə yaşayım ki..?\”

Əslən Fizuli rayonundan olan Elminaza hazırda ən vacib olaraq, ev lazımdır: \”Evin döşəməsi, pəncərəsi, şiferi yox idi, suyun içində idik. Deputat Bahar Muradovaya müraciət elədim, o da sağ olsun, icra başçımıza tapşırdı, döşəməni, tavanı düzəltdilər. Amma hələ də divardan su axır. Şəraitimiz yoxdur. Bu günə kimi elə vaxt olub ki, evdə yeməyə çörək olmayıb. Özüm 2 gün ac qalmışam, amma uşaqlarıma bir tikə də olsa, yeməyə bir şey tapmışam. Siz gəlməzdən bir az qabaq xalça yumağa getmişdim. 2 xalça yudum, 10 manat aldım. Evə gəlib, gördüm ki, uşaq boğulur.

Dərmanlar sayəsində güclə özünə gəlib. Onu tək qoya bilmirəm. Olmasa, xadimə işi tapıb, balalarımı saxlayaram. Mənə köməklik edənlər də var. Sağ olsunlar. Xeyriyyə cəmiyyətindən köməyə gəliblər. Amma bizə ən böyük köməyi dövlətimiz edə bilər. Sadəcə, bir ev… Normal evimiz olsun ki, heç olmasa, dərmanların təsiri olsun. Uşaqlarım… Mən onlar üçün yaşayıram. Onlar da olmasa, mən niyə yaşayım ki..?

Ağır əməliyyat keçirmişəm. Amma yenə də işləyərəm. Təki, uşaqlarım ac qalmasın. Amma Yusifimə kim baxacaq? Onu tək qoymaq olmaz. Mən dövlətimizdən bircə şey xahiş edirəm. Məni normal bir evə köçürsünlər\”.


\”Həm qaçqınam, həm də imkansız… Çox şey istəmirəm, sadəcə, ev…\”

Ailəyə az da olsa, yardımlar da edilir. Elminaz xanımın sözlərinə görə, həmin yardımlar sayəsində bir az üzü gülüb: \”Aytən xanım var. Tez-tez gəlir, kömək edir. Taxtanın üstündə gəzirdik. Sağ olsunlar, yerə sərmək üçün xalça gətiriblər. Yeni il günü narahat idim. Əlimdə olan bütün pulu dərmanlara vermişdim. Elə hey düşünürdüm ki, bayramdır, uşaqların gözü məndə olacaq. Onlara nə alım? Stolun üstünə nə qoyum? Bu anda Ləman xanım gəldi. Meyvə, ərzaq gətirdi. Rəhimli olan hər kəsə təşəkkür edirəm. Bircə ev problemimiz həll olunsa, hamıya duaçı olaram. Həm qaçqınam, həm də imkansız… Çox şey istəmirəm, sadəcə ev…\”.

Uşaqlarını həyatda saxlamağa çalışan çarəsiz ana...

İnterpress.az