Sakinlərin sözlərinə görə, hasarlanmış parkın içindəki oturacaqlar artıq sökülüb.
İnterpress.az xəbər verir ki, Virtualaz.org saytının əməkdaşları adıçəkilən ünvanda olublar.
Sakinlərdən bir neçəsi ilə söhbətimizdə də məlum oldu ki, onlara parkın yenidən təmir olunacağı bildirilsə də, adıçəkilən ərazinin tikinti şirkətlərindən biri tərəfindən alındığı ehtimalı da var. Taksi sürücülərinin və yaxınlıqdakı binalarda yaşayan sakinlərin də bir qismi bu fikirdədir ki, park təmir adı ilə bağlanıb, əslində isə orada bina tikilə bilər.
“Ola bilsin ki, təmir edəcəklər, amma bu yaxınlıqda da bir ərazi var idi, əvvəılcə təmir adı ilə bağladılar, sonra yerində çoxmərtəbəli bina tikdilər”, – deyə yaxınlıqda yaşayan Rafiq adlı sakin bildirib.
Onun fikirlərini inkar edən digər bir qonşu Cəbiyev Güləşir isə bildirib ki, parkın təmir edilməsi üçün o özü 10-15 qonşunun adından Prezidentə müraciət edib. Bundan sonra Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi ona zəng edib və bildirib ki, park tezliklə təmir olunacaq: “İcra hakimiyyətinin təsərrüfat işləri üzrə şöbə müdiri Qurban İsmayılov özü mənimlə əlaqə saxladı və bildirdi ki, park yaxın günlərdə təmir olunacaq. Hazırda parkın hasarlanmasının səbəbi də elə bu təmir işləridir. Bir neçə gün əvvəl gecə saat 11-dən gətirib bura beton töküb hasar çəkməyə başlayıblar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə isə adıçəkilən ünvana baxış keçirilib və məlum olub ki, həmin sahə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparılması məqsədilə hasara alınıb: “Ərazidə ağac kəsintisi faktı aşkar ediməyib və həmin yerdəki mövcud ağaclar sayılaraq rayon Mənzil Kommunal İstismar İdarəsinə təhvil verilib.
Ərazi Nazirliyin əməkdaşları tətəfindən nəzarətə götürülüb.
Ümumiyyətlə isə problem ondadır ki, yerli icra hakimiyyətləri tikinti və abadlıq işləri üçün sərəncam verərkən bunu ETSN ilə razılaşdırmır və ərazidəki yaşıllıqların mühafizəsi üçün tədbirlər görmürlər. Hətta aidiyyəti qurumlar tərəfindən torpaq sahələri xüsusi mülkiyyətə verilərkən ərazidəki mövcud yaşıllıqlar nəzərə alınmır və həmin yaşıllıqların mühafizəsi mülkiyyətçi qarşısında öhdəlik kimi qoyulmur, nəticədə yaşıllıqlar kəsilərək yerində tikintilər aparılır.
İnterpress.az