Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində ötən ilin mayında baş vermiş əsgər ölümü ilə bağlı məhkəmə prosesi davam edir. Ötən il mayın 23-də hərbi hissədə xidmət keçən zaman intihar edildiyi deyilən Tapdıq Babaşovun Bakı Hərbi Məhkəməsində cinayət işi üzrə prosesi keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyilə keçirilən iclasda həmin hərbi hissədə əsgərlərin başına açılan oyunlarla bağlı çox ciddi faktlar ortaya çıxıb. Məlum olub ki, hərbi hissədə əsgərləri “bərkdən danışdın”, “yersiz güldün”, “qoluma toxundun” və s. bu kimi bəhanələrlə mütəmadi döyüb, ən ağır söyüşlərlə təhqir edib, ləyaqətlərini alçaldıblar. Əsgərləri üzü üstə yerə uzadaraq, üzərlərində çəkmə ilə gəziblər. Konkret olaraq, mərhum əsgər Tapdıq Babaşova gəlincə, dünyasını dəyişməmişdən az əvvəl tualeti yumaqdan imtina etdiyinə görə çəkməsinin ipi ilə onu boğublar. Bütün bunlar ittiham aktında, həmçinin həmin hərbi hissədə xidmət edən və mütəmadi işgəncələrə məruz qalan əsgərlərin ifadələrində də öz əksini tapıb.
Xatırladaq ki, BDU-nun tarix fakültəsini qırmızı diplomla başa vuran, evin yeganə oğlu olan Tapdıq Babaşovun müəmmalı ölümünə dair hadisə ötən il mayın 22-də baş verib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun anası Kifayət Süleymanova və digər qohumları qətiyyən buna inanmır. Onlar Tapdığın qətlə yetirildiyini düşünür.
Məhkəmə başlamazdan öncə Tapdıq Babaşovun anası üzünü zərərçəkmiş qismində prosesdə iştirak edən əsgərlərə tutaraq bu sözləri deyib:
\”Heç olmasa bu dəfə vicdanınız ayılsın. Mən sizin gözlərinizdə həqiqəti görürəm. Deyin, Tapdıqı kim öldürüb. Həqiqəti danırsınız. Bir ömrü necə vicdansızlıqla yaşamaq olar? Açın, tökün hər şeyi, şərəflə yaşayın. Qorxursunuz ki, sizi də cəzalandırarlar? Onu bilin ki, əgər sussaz, Tapdıq kimiləri çox olacaq. Mənim balam sizin hüquqlarınızı müdafiə edərkən şəhid oldu\”.
Proses zamanı dindirilən zərərçəkmişlər Tapdıq Babaşovun mülayim xarakterli, intihara meyilli olmadığını, hadisə günü əsgərlərə tarixdən dərs də keçdiyini deyiblər. Prokuror təqsirləndirilən Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadovun Tapdıq Babaşovu və digər əsgərləri hərbi xidmət zamanı dəfələrlə döydüklərini, təhqir etdiklərini bildirib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etməyiblər.
Növbəti məhkəmə prosesi yanvarın 26-na təyin olunub. (meydantv)
İnterpress.az