Eldar Sabiroğluna cavabbackend

Eldar Sabiroğluna cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress xəbər verir ki, A.Abduləliyev Modern.az saytına göndərdiyini cavab yazınını tədim edirik.

Eldar Sabiroğluna cavab

Ariz Abduləliyev

– Eldar Sabiroğlunun övladının istefasına və özünə yönələn bəzi münasibətlərlə bağlı Modern.az saytında qarşılaşdığım bir xəbərə (dekabr, 2015) şərh yazdım. Şərhim verildi. Amma dekabrın sonlarında hörmətli sayt şərhimin bir hissəsini kəsib, bir hissəsini ayrıca dərc elədi. Ardınca “Yeni Müsavat” qəzeti və digər saytlar da həmin materialı verdilər. Bir xəbərə yazıdığım şərhin sonradan saytlarda yarımçıq şəkildə material kimi dərc olunması səbəbindən E.Sabiroğlu barədə bəzi fikirlərim görünmədi.

Ötən gün İnternetdə bir elmi mövzu ilə bağlı axtarış aparanda, səhifələrin birində adıma rast gəldim. Maraqlananda qarşıma heç vaxt oxumadığım anaxeber.az (06.01.16) Meydan tv. (06.01.16) və Baku News (09.01.16) saytlarında Eldar Sabiroğlunun məqaləsi çıxdı. Təəccübləndim: adında akademik Ramiz Mehdiyevin adı olan məqaləsində Eldar Sabiroğlu məndən nə yazmış ola?

Eldar, mənə yazdığın yanlış ifadələri, düzü, səndən gözləmirdim. Həm də ona görə ki, yaşın o yaş deyil, saç-saqqalın ağarıb, belə vaxtında gərək özünə-sözünə hörmət eləməyi bacarasan. (Deyəsən, devalvasiyaya uğrayan təkcə milli valyutamız deyil axı). Yox, hirslənib-eləməmişəm. Məsəl var, “axmaq başdan çıxan sözə dil neyləsin”. Sənin başından çıxan sözlərə niyə hirslənməliyəm? Dediklərimi başa düşməyib mətbuatda təhqirə keçmisənsə, deməli, başa düşməyə ehtiyacın var. Buna görə də, vaxtın bu qıt vaxtında bir təhər vaxt tapıb, sən şair Eldara, yəni erməni dili müəllimi Eldar Sabiroğluna bəzi həqiqətləri başa salmaq qərarına gəldim. Axı başa düşməyəni başa salmağın özü də bir savabdı.

1. Eldar, sənin akademik Ramiz Mehdiyev barədə yazdıqlarından qətiyyən xəbərim yoxdur. İndiyə qədər rastıma çıxmayıb. İkincisi, R.Mehdiyev barədə nə yazmağın, necə düşünməyin, ona şəxsi münasibətin məni zərrə qədər maraqlandırmır. İnan, sənin bu qəbildən siyasətsayağı sicilləmələrin, “dərin” təhlillərin, üstəlik də özünün “ağıllı” millətşünas, paqonlu YAP-şünas, qalstuklu-eynəkli memuarman-yazarman-qəhrəman portretin mənə heç lazım deyil. Yenə deyirəm, Modern.az saytında oğlunun istefasını sənə qarşı siyasətləşdirmək cəhdlərini görəndə, buna şərhimi yazdım. Sənin nizamnaməyə zidd mövqeyin barədə də mətbuatda nələrsə deyilmişdi, buna görə özümə və sənə münasibətdə nizamnaməyə ikili yanaşmaları tənqid elədim.

Xahiş edirəm, Modern.az saytında yazdığım şərhi tap və bütünlüklə oxu. Onda başa düşərsən ki, akademik Ramiz Mehdiyev haqqında qoşduğun “siyasətnaməndən” ovqatımın təlx olması barədə uydurduğun yalanın, böhtanın şərhimlə də, özümlə də heç bir əlaqəsi yoxdur. Bir daha əmin ola bilərsən: boş-bekarçılıqdan yana “zakazla” hərbə-zorba janrında və nəsr şəklində yapdığın epik “səyasətqu” yaradıcılığını, “siyasətoloq təhlillərini”, “ictimai-fədaiyyə danaşiməndliyi”ni, şəxsi comərdlik lirikanı oxumaq həvəsində deyiləm. Vallah, buna qiymətli vaxtım və intellektim yol vermir. Şükür, ağlım və düşüncəm səninki qədər dayaz deyil ki, yazdıqlarını birər-birər oxumağa həvəsim, marağım olsun. İncimə, bu dünyada oxunması sənin yazılarından daha labüd və maraqlı olan qat-qat qiymətli məqalələr, elmi, tarixi, fəlsəfi və ədəbi irslər var. Məsləhət görürəm, sən də oxu. Sənin yapdığın siyasətqu irsi elektron makulaturadır, yəqin ki özünün sandıq arxivinə yarayar.

2. Yazırsan ki, Ariz, tar kökdən düşüb. Yox, şair Eldar, tar kökdən düşməyib. Oxudum və başa düşdüm ki, kökdən düşən sənsən, ağlındı, təfəkküründü, niyyətindi. Kökdən düşən düşmən erməniyə qoyub gəldiyin ocağındakı sazındı. Kökdən düşən sözündü, özünsən.

3. Eldar, partizanlıq haqqındakı sözümə kişilənməyini başa düşürəm. İncimə, belə məsələlərdə doğru söz acı olar. Partizan məsələsinə verdiyin cavab “arxadan atılan daş” kimidi. İnan, bunu aşağı mənada deməmişdim. Sən özün bunu aşağıladın. Doğrusu, erməni tapdağı altında qalan yurd adlarımızı Azərbaycanın paytaxtındakı, rayonlardakı restoran, kafe, ticarət obyektlərinin adında görəndə, biganəlikdən və unutqanlıqdan buna adi şey kimi yanaşırıq. Müxtəlif bölgələrdən olan yekəqarınların, qalstukluların, “xırdabuynuzlu” və “iribuynuzlu” məmurların və biznes kişilərinin bu restoranlarda, kafelərdə işğal altda qalan torpaqlarımızın “sağlığına” kişiyana badə qaldırmaları da üstəlik… Axşamlar kababla dığ deyincə “mıxlayıb” loto (qumar) oynamağa, massajlanmağa, saunalanmağa getmələri də üstəlik… Keçmişi, zatı, kəndi və intellekti olmayan bəzi satqın şəhərli-rusdilli kişi qırıxlarının Bakını və vəzifələri rayonlulardan təmizləmək barədə “sivil” nakişiliyi də üstəlik… “MTN işində” və Beynəlxalq Bank dələduzluğunda “yox olan” milyardlar, millətə xəyanətlə, dövləti talamaqla, xalqı dolamaqla, qanunu tapdalamaqla, “torba tikməklə”, reketçiliklə, insanları təhqir etməklə alınan yüksək titullar, medallar, adlar, paqonlar, ordenlər, vəzifələr, təriflər də üstəlik… Oğurluq pullarla, korrupsiya və rüşvətlə, fırıldaqla, kabinet statusu ilə, yalanla, “torba tikməklə”, mandatla kişi olanların özlərini “dartıb” ağıllı-ağıllı kişilənməyi də üstəlik… Sən şair Eldarın partizanlıq və nizamnamə barədə sözümə kişilənməyi də üstəlik…

Bir film var. Amerikanın əl-Qaidəyə qarşı əməliyyat tapşırığı alan peşəkar əsgərləri əməliyyat zamanı dağlı-daşlı meşədə qalırlar. Elə gətirir ki, bir neçə ay hərbi mərkəzlə bütün əlaqələri itirirlər, ərzaqları tükənir, mühasirəyə düşürlər, yaralanırlar, amma min bir əzaba dözüb, dağlarda, meşələrdə ölənə qədər döyüşürlər. Bax, vətəni, dövləti, xalqı, tarixi, ədaləti uca tutmaq budur.

Yəqin bilməmiş deyilsən ki, İtaliyada Mehdi Hüseynzadənin komandiri də Qərbi Azərbaycanlı olub. Meşələrdə, dağlarda gizlənə-gizlənə partizanlıq edib, faşistlərə divan tutub, bütün İtaliya partizanları arasında cəsur komandir, qəhrəman kimi ad-san qazanıb. Sən onun layiqli varisi ola bilmədin, qacdın.

Axı Qərbi Azərbaycanda da kişilər dağlarda, meşələrdə gizlənib, çarın, sovet hakimiyyətinin, daşnak erməninin işğalına, zülmünə, ədalətsizliyinə və tərbiyəsizliyinə qarşı qaçaq kimi mübarizə aparmışdılar, xalqın qəlbinə və tarixinə qəhrəman kimi düşmüşdülər. Məlasəf, sən bunu edə bilmədin.

Qacaq ayrı, qaçqın ayrı. Qərbi Azərbaycanda, Qarabağda partizanlıq etmək, düşmən erməniyə güllə atmaq yerinə, dabanına tüpürüb, qaçdın. Qacıb burada qiymətdə ucuz məşuqələrinə “petuşitsa”lıq eləyən saysız-hesabsız dəftərxana generallarımızla birlikdə, sən də dəftərxana polkovniki oldun. Son olaraq isə boş-bekarçılıqdan əlinə qələm alıb şəxsi ixtilaflara, “səyasətqu”ya qərar verdin. Beləcə sən də bir “qəhrəman” oldun, şair Eldar.

4. Partizan məsələsində özünü nahaq yerə biabır eləmisən. Əvvəla, partizanlıq edən idinsə, qədimdən-qədim tarixi yurdlarımızı, ata-baba torpaqlarını, öz mülkünü, məhləni, qəbiristanlığını erməniyə verib, indi İnternetin “qələm qəhrəmanı” olmazdın, öz təhqirlərindən, hakimiyyətə yönəlik “poetik comərdliyindən”, siyasi artistizmindən bu qədər xoşhallıq yaşamazdın. Sən nəinki tarixi-çoğrafi vətəni, habelə tarixi abidələri də, məscidləri də, adət-ənənələri də, gözəl təbiəti də, barı-bəhəri də, işlədiyin redaksiyanı da, kəndini də, keçmişi də, dünəni də, sazı da, qədim Ermənistan türklüyünü də, folklorunu da, nənələrinin laylasını da birdəfəlik düşmən erməniyə vermisən. M.Rəsulzadənin hökumətinə indi birtəhər yalançı tarixi bəraət-filan düzüb-qoşurlar, bəs gələcəkdə sənə kim yalan bəraətlər düzənləyəcək?

5. Erməni “xox” eliyən kimi tarixi torpaqlarımızı qoyub gəlmisən və burada əlinə qələm alıb özündən qəhrəman düzəltmisən, başlamısan “xox” eləməyə. Belə cəsarətlisən, heç olmasa, 1-2 erməni öldürüb gələydin, heç olmasa, qəbrini qoyub gəldiyin rəhmətlik babanın qanını bir erməni zabitindən alıb gələydin, daha Bakı ermənisinin mənzili ilə evini dəyişdirməyəydin.

Bizə Azərbaycançılıq, vətən, tarix, torpaq, milli şüur, milli özünüdərk, milli həmrəylik lazımdı, öz sərvətlərimizlə öz ölkəmizdə yaxşı yaşamaq lazımdı, yoxsa bu basabasda qərbləşmək, siyasi satqınların əks siyasi “planları” lazımdı? Yoxsa çirkli pullarla kişi olmaq, gizli hakimiyyət hərisliyi və elektron müxaliflik lazımdı? İnan ki, indi heç kəsin oxumadığı “virtual müxaliflik”, “qələm qəhrəmanlığı” boş-bekar adamlardan və düşmənlərimizdən savayı dünyada heç kəsə lazım deyil.

İkincisi, Qarabağ müharibəsində vuruşan idinsə, bunu əlindən heç kim almırdı. “Mədəniyyət” qəzetində oturub, boynunda qalstuk, heç kimin oxumadığı şeirlərini yazmaqdansa, gedib Qarabağda vuruşa bilərdin. Üçüncüsü, məqamı gələrsə, hamılıqla vuruşacağıq, buna şübhən olmasın. Odur ki, özünə hörmət elə – heç başa düşə bilmədiyin partizanlıq, Qərbi Azərbaycan, Qarabağ, millət, dövlət, ədalət, elm, zəka haqqında “səyasətqu traktatlarına” nöqtə qoy.

6. Bir daha xahiş edirəm, şərhimi yarımçıq dərc olunan şəkildə yox, mümkünsə, bütöv oxu. Mən ədalətsiz ittihamlara cavab olaraq sənin barəndə demişəm ki, bu şəxsi YAP-da saxlamağa layiq bilirsinizsə, onda barəsində “qara-qura” yazmağınız nəyə lazımdı? Yox əgər, “nizamnaməni pozur” deyirsinizsə, göstərin ki, necə pozur, daha nizamnaməyə ikibaşlı yanaşmayın, toplaşın və qərar verin.

Eldar, bilirsən ki, partiyanı hörmətdən salan, partiyaya lətifə qoşan, partiya ideyalarından uzaq olan, çörəyi dizi üstündə olan namərd və şəxsiyyətsiz filankəslər “nizamnaməni pozur” uydurması ilə özbaşınalıq eləyərək heç bir səbəb olmadan haqqımda nizamnamə və proqrama zidd qərar çıxardılar. Özü də kimin əli ilə – partiyanın adını da düz yaza bilməyən, partiyaya “plevatelski” münasibətlə yanaşan birisinin. Bəli, partiyanın icra rəhbərliyində və ümumi rəhbərliyində partiya idarəçilyi nəzarətsizdir, özbaşına durumdadır. Partiya ideallarına sədaqət, partiyanın siyasi proqramına və nizamnaməyə hörmət özbaşınalıqla, ədalətsizliklə, yerlibazlıqla, biganəliklə, “cibbazlıqla”, pariyanı hörmətdən salmaqla, mənasız və qeyri-real “strateji planlarla”, cılız məişətçiliklə, rüşvətlə, şəxsi istəklərlə, təkəbbürlə, yekəxanalıqla, mənəm-mənəmliklə, savadsızlıqla, unutqanlıqla, kef-damaqla, yeyib-içməklə, yalanla, namərdliklə əvəz olunub. Üzvlərə nizamnamə qarşısında bərabərhüquqlu yanaşılmır, şikayətlərinə baxılmır, sıravi üzvlərə qarşı kobudluq, saymazlıq, təkəbbür baş alıb gedir. Kimin hansı xanım müğənnidən, modabazdan, “canı sulu”dan, “perspektivlidən” xoşu gəlirsə, dartıb ondan YAP-çı qayırır, növbədənkənar qəbul edir, onunla “oturub-durur”, YAP ilə məzələnməsinə gülür, istəsə lap deputat da eləyir, nazirliyə, İH-yə işə düzəldir və ilaxır.

Patiyada ideologiya və ideya işi də tamamilə işləmir. Ulu Öndər Heydər Əliyev partiyanın yadına bir doğum, bir də vəfat günündə düşür. Tədbirlər elə ölgün, elə həvəssiz, elə candərdi keçirilir ki, keçirilməsə ondan yaxşıdır. Qarşılıqlı səmimiyyət, sadəlik, inam, təşəbbüskarlıq, ideyalara sadiqlik, yüksək siyasi prinsipiallıq, siyasi həmrəylik azalıb. Əksər funksionerlər ərazidə özlərinə karyera, mənzil və pul düzəltmək, vasitəçiliklə para qazanmaq fəaliyyətindədir. Aparatlarda partiyanın ideyaları, məqsədi, nailiyyətləri, gələcəyi, davamlılığı haqqında analitik yaza bilən, dövlətçilik təfəkkürü və siyasi mədəniyyəti olan, tarixi şəxsiyyət Heydər Əliyevə və hakimiyyətə qarşı əsassız ittiham yazanlara, satqınlara inandırıcı arqumentlərlə cavab verə bilən, ictimai rəyə birmənalı təsir edə bilən bircə şəxs də işləmir.

Onu da başa düşməliydin ki, nizamnaməni pozanları, partiyanı saymayanları, onu bihörmət eləyənləri, vaxtilə Heydər Əliyevə nifrət edənləri, dövlətə qarşı “paralel dövlət” yaradan gülənçiləri-dilənçiləri, Prezidentimizin işdən çıxardığı vəzifəliləri, əhali arasında pis reputasiyası olan məmurları, deputatları, “əli cibində olanları”, dələduz kimi ad çıxaranları və başqalarını partiyada kimlərsə əzizləyib saxlayır. Belələrinə Heydər Əliyevin partiyasında himayədarlıq edənlərin özlərini də partiyadan qovmağın zamanı yetişəcək. Azacıq məntiqin və azacıq sağlam qəlbin və ağlın varsa, mənə elə gəlir, bunları mənim şərhimdə başa düşməliydin. Sən isə başa düşmədin, çünki özün də onların tayısan.

7. Eldar, Ramiz Mehdiyev dövlət quruculuğu və idarəçiliyi üçün çox işlər görüb. Təcrübəli dövlət xadimidir. Siyasi mövqeyinə, dövlətçiliyə sadiq insandır. Sən bu həqiqəti dərk etmək ağlında deyilsən. Çünki səndə dövlətçilik təfəkküründən, intellekt-sivil düşüncədən, məntiqdən, elmi-təhlili şüurdan, dərin bilikdən, intellektual mədəniyyətdən, səbəb-nəticə əlaqələrini başa düşməkdən əsər-əlamət yoxdur. Sən məişət təfəkkürü və obıvatel şüuru ilə səyasətqu yapanlardan, sürüşkən niyyətlərlə yaşayanlardan, merkantil maraqlar üzərində artistik manevr edənlərdənsən – YAP-ın bəzi təşkilat başçıları, işçiləri və üzvləri kimi, bir çox dövlət məmurları kimi, müxalifətin bir çox qabaqdagedənləri və ideoloqları kimi, istedadsız “yaradıcılar” kimi. Bax, dünən acından ölən bəzi vəkillər, hüquqşünaslar Əliyevlərin yaratdığı şərait sayəsində özlərinə yaxşı gün-güzəran düzəltdilər, kişi oldular, adam arasına çıxdılar, özlərinə qurum-ofis düzəltdilər, peşə yönümündə işləyə bildilər, bir soydaşının da üzünə və işinə pulsuz baxmadılar, məhkəmə və hüquq-mühafizə orqanları ilə yaxşıca “iş birliyi” yapdılar, özlərinə “yaxşı oğlan”, “tanınmış ekspert”, “görkəmli vəkil” adı qoydular. Çifayda, bütün istəklərinə catandan sonra indi də başqa cür dəllallıq edirlər, yəni “comərd səyasətqu” yapırlar. İnternet mediasında xalq, azadlıq, hüquqların pozulması, “hakimiyyətin işləyə bilməməsi” haqqında ağızlarına və ağıllarına gələni yazırlar. Xalqın gözünə “kül üfürüb”, beləcə İnternetdə “maska teatrı” yapırlar ki, kütlə şüurunda “cəsur qəhrəman” obrazında görsənsinlər, əlbəttə, at belində yox, kostyumlu-qalstuklu fotoları ilə. Sənin kimi onlar da ağılları, dövlətçilik maraqları ilə yox, cibləri və qulaqları ilə “düşünürlər”. Yəni dışdan əsən yellər qulağınıza səda gətirib ki, ayə, bəs “ABŞ Rəsulu qaytarır”, “ABŞ-ın erməni-semit lobbisi Azərbaycana qarşı sanksiyalar qoydurur”, “urrey, nə isə olacaq”. Qabaqdangəlmişlik edirlər, tez-tələsik “səyasətqu” yapırlar ki, bəlkə əlləri bundan daha “yağlı tikəyə” çatdı…

Bir sözlə, müstəqil Azərbaycan dövlətini Heydər Əliyev qurubdur, onun layiqli siyasi varisi Prezident İlham Əliyev bu gün də, sabah da bu dövləti layiqincə idarə edəcək. Daha sən və güvəndiyin “paralel dövlətçilər”, nurçular, xarici casus şəbəkələrin “sür-sümüyü” ilə şalvar alıb kişi olanlar, bu pullarla gündəmə gələn xanımlar, yazanlar və danışdırılanlar, filankəs-bəhmənkəslər, satqın tör-töküntülər yox. Birdəfəlik bu tarixi və siyasi reallığı başa düşün.

Dünən hakimiyyətə gəlmək naminə Avropanın ermənispərəst qüvvələrinin pullu girovuna çevrilən bəzi müxalifət mənsubları, “Əliyevi devirmək üçün şeytanla da əməkdaşlıq edərik” yazanlar, “İsa Qəmbər – Prezidentim” yazan xanımcıqlar, qanunsuz və cinayətlə milyonlar yığan satqın işbazlar və məmurlar indi gec də olsa başa düşüblər ki, politologiya kitabı oxumaqla, mətbuatda müxaliflik eləməklə, intervülər verməklə, qəzetlərdə məqalə yazmaqla (və yazdırmaqla), “saman altdan su yeritməklə”, “qələm qəhrəmanı” olmaqla, çirkli milyardlara sahib olmaqla, Heydər Əliyevi və İlham Əliyevi təhqir etməklə, Heydər Əliyevə qarşı Məmmədəmin Rəsulzadəni qoyub siyasi tariximizlə “elmi dəllallıq” etməklə, şəxsi intiqamla, xaricin donor təşkilatlarına əlaltı “tulalıq” eləməklə – bütün bunları əla bacarmaqla dövləti idarə eləmək olmaz. İnan ki, dünən hakimiyyətə gəlməyə can atan radikal müxalifət liderləri bu gün dövləti idarə edə bilmək iqtidarında olmadıqlarını, mürəkkəb siyasi durumlarda ən düzgün qərar çıxara bilməyəcəklərini, siyasətşünas və populist firqəçi ilə peşəkar siyasətçinin fərqini gec də olsa başa düşüblər.

8. Akademik Ramiz Mehdiyevdən yazırsan ki, o, nə vaxtsa sənə fəlsəfə mühazirələrini əzbərdən yox, üzündən oxuyub. Əgər sən özün oxuyan, dərrakəli və zəkalı tələbə olmusansa, onda sənə nə fərqi var idi? Bil ki, universitetlərdə də, partiya məktəblərində də o zamanlar mühazirəni üzündən oxumaq tələb olunurdu. Belə adi şeyləri gec də olsa, öyrən. Öz aramızdır, sənə yaxşı ki öz biliyi və qabiliyyəti ilə elmi dərəcələr alan R.Mehdiyev dərs verib, yoxsa fəlsəfənin qanunlarını və kateqoriyalarını hələ də bilməzdin.

9. Ramiz Mehdiyev haqqında yazdıqların respulika mətbuatında yeni şey deyil. Sənin R.Mehdiyev barəsində söhbətlərin nə vaxtsa yazılanların birbaşa, ya dolayı təkrarıdır, deyilmiş və çeynənmiş sözlərdir. Zəhmət olmasa, 1990-cı, 2000-ci illərin qəzetlərini aç oxu. Görərsən ki, indiyə qədər R.Mehdiyev barəsində nə çox “tənqidlər”, “siyasətnamələr” yazılıb. Amma heç birinə cavab verməyib. Bir anlıq özünü onun yerinə qoy. Bax, sən mənim şərhimdən kəsilən kiçik materialı oxuyandan dərhal sonra coşdun, məni təhqir də elədin. Amma sən Ramiz Mehdiyevdən bu qədər ki kəskin yazırsan, o sənə bircə dəfə də reaksiya, cavab vermir, sənə baş qoşmur. İstəsə, hər sözünün qabağına min söz qoyar, özü də səninkindən daha mahiyyətli və doğru-dürüst. Onun Azərbaycanın siyasəti, iqtisadiyyatı və dövlətçilik məsələləri, Qarabağ problemi, Azərbaycanın mətbuatı, tarixi keçmişi və gələcəyi haqqında elmi monoqrafiyaları var. Kitabları beynəlxalq elmi kataloqlara, nüfuzlu elm və təhsil ocaqlarının kitabxanalarına daxil edilib. Amma bu qədər işin qarşılığında sənin kimi İnternet saytlarını zəbt eləməyib, gündə bir qəzetə intervü vermir. Sənin isə, vur-tut beş-on qəzet məqalən var, hələ gələcəkdə (inşallah) YAP haqqında bir kitab da yazmaq istəyindəsən. Bunun müqabilində də dünya-aləmi özünə borclu bilirsən, “çatana çatır, çatmayana daş atırsan”, lap kəndinizin ayağında dayanıb hər gün camaatı daşa basan rəhmətlik mayıf Qənbər kimi.

10. Eldar, nə yaxşı ki sənin böyük, məsuliyyətli dövlət vəzifən olmayıb. Cəmi 3-4 il balaca bir işdə işləmisən, amma özünə sığmırsan, yerə-göyə meydan sulayırsan, rəngli-rəngsiz pozaların ilə İnterneti bəzəyirsən. Bir jurnalist tanıyırdım, 80-90-cı illərdə acından günorta dururdu, redaksiyada hər gün ucuz və keyfiyyətsiz peraşki yeməkdən mədəsi və əsəbləri xarab olmuşdu. Heydər Əliyev dönəmində bəxti üzünə güldü, şəhərin düz mərkəzində yerləşən hakimiyyət qəzetlərindən birinə baş redaktor göndərildi. Amma yaman “çaşdı”. Bazarlardan “aylıq”, qanunsuz yoxlamalar, hədiyyələr, qonaqlıqlar, yekəxanalıq, mənəm-mənəmlik, təkəbbür, maşın, kabinet, qəbul otağı, ezamiyyətlər, qonaqlar, sağlıqlar, dəvətlər, təriflər, “şirinliklər”, sevgililər, katibələr… “Caşdı”! Lap bəzi vəzifəli məmurlarımız, nazirlərimiz, media kapitanlarımız, generallarımız, istintaqçılarımız, nəhəng-milli korrupsionerlərimiz, paqonlularımız, ziyalılarımız, deputatlarımız, YAP-çılarımız kimi. Özü də kabinetində ayaqlarını stolun üstünə qoyub otururdu – Obama kimi. Bir dəfə məqalə aparmışdım. Kabinetində ayaq üstdə dayanıb telefonla danışırdı. Gözümə inanmadım, həmin adam deyildi, əyilib yazıq bir görkəm almışdı. Otaqda tək idi, ayaq üstdə qul kimi büzüşüb, telefonda hər kəlməbaşı “baş üstə Ramiz müəllim”, “oldu Ramiz müəllim” deyirdi. Sonra işdən çıxarıldı və çıxan kimi də “cəsur qəzet müxalifətçisi” oldu, R.Mehdiyevdən, hakimiyyətdən yazmağa başladı. Eldar, sən də deyəsən axı “çaşdın”. İnan, R.Mehdiyevin daşıdığı vəzifəni daşısaydın, bu boz xasiyyətinlə əsl Beriya sən olardın, milləti çarmıxa çəkərdin, hamını asıb-kəsərdin, təkəbbür və ədalətsizliyinlə dostlarını məhv edərdin, vəzifəsindən qovulan bəzi vəzifə adamları kimi gözün doymazdı, nəfsin madyan minərdi, dələduz projelərinlə pullar yığardın, heç kimi bəyənməzdin, pullu adamlara “xox” gəlib aylıq “stavka” qoyardın və s. Daha sənin bəzi YAP-çı başbilənlərdən və bəzi yüksək məmurlardan fərqin nə oldu?

Bax, keçən əsrdə Heydər Əliyevdən bir məqalə yazmısan, hər çıxışında onu az qala qəhrəmanlıq kimi bəyan eləyirsən. Gör, bircə kitabın çıxsaydı mətbuatda nə qədər “qəhrəmançılıq”, “ədalətçilik”, “idealçılıq” edərdin. Amma sən elmi araşdırma aparmaq, elmi-analitik tədqiqatlar yazmaq keyfiyyətində deyilsən, çünki buna xüsusi qabiliyyət, intellekt, istedad, bilik, analitik ağıl lazımdı. Belə xüsusiyyətləri olanlar sakitcə işləyirlər, insanların maariflənməsi, elmin tərəqqisi, respublikanın inkişafı, təbliğatı üçün kitablar yazırlar, onların hər adama cavab verməyə marağı və vaxtı olmur. Daha sənin kimi dil pəhləvanlığı eləyib, şığımırlar. Yox, sənin oxuduğun partiya məktəbində, İdarəçilik Akademiyasında mən də oxumuşam. Çaşma. Təhsil almaq, hələ alim, elmi təfəkkür sahibi olmaq deyil. Sənin təfəkkür gücün, düşünmək qabiliyyətin yalnız bir-iki qəzetdə, telekanalda, saytda danışmağa, intervü verməyə, cızma-qara yazmağa çatacaq qədərdir, o da ortabab səviyyədə.

11. Eldar, çaşma. Sən Heydər Əliyevdən ağıllı və millətə gərəkli ola bilməzsən. Bəlkə, özünü Heydər Əliyevdən ağıllı sayırsan – sənin ağlına qalsa, belə də düşünərsən – elə isə çaşma, ağıllı ol. Unutma ki, Heydər Əliyev prezidentlik fəaliyyətinə başlayanda yüksək dövləti işə təyin elədiyi ilk məmur R.Mehdiyev olubdur. Niyə? Qoy, bunu da sənə başa salım. Heydər Əliyevin əleyhinə 1980-90-ci illərdə qərəzli siyasi kampaniyalar aparılanda, onun vaxtilə idarəçiliyə gətirdiyi, etibar elədiyi, dövlət adamı və məmur kimi yetişdirdiyi, partiya məktəbinə oxumağa göndərdiyi bir çox adamlar ədalət, vicdan, kişilik, mərdlik, nəciblik, düzlük, həqiqət, adamlıq kimi anlayışları vəzifə almaq hərisliyi ilə tapdaladılar və həmin haqsız siyasi kampaniyalarda bu və digər şəkildə iştirak etdilər. Heydər Əliyevlə vaxtilə işləyən çox az insan tapıldı ki, mövqeyini, münasibətini dəyişmədi, kampaniyalar başlayanda onun əleyhinə getmədi, idarəetmədən, vəzifədən və siyasətdən uzaqlaşıb Elmlər Akademiyasında, ali məktəblərdə sakitcə elmi və pedaqoji fəaliyyət göstərdi. Heydər Əliyevin siyasi idarəetmədə pillə-pillə yetişdirdiyi kadrlardan biri də R.Mehdiyevdir. Bir düşün: Heydər Əliyev siyasi hakimiyyətə qayıdanda əvvəlki iş yoldaşlarından dövlət işinə dəvət elədiyi və təyin elədiyi ilk şəxs R.Mehdiyev oldu. Odur ki, kişi papağını qabağına qoy və ağılla fikirləş: sən Heydər Əliyevdən və İlham Əliyevdən bu dövlət, bu xalq üçün əvəzolunmaz, mahiyyətli, dəyərli, ədalətli, gərəkli, qiymətli ola bilməzsən.

12. Bir fikrinlə razıyam. Şirməmməd Hüseynov bir sözü ilə Heydər Əliyevin dövlət qurmağını inkar elədi, Ulu Öndərin böyük dövlətçilik fəaliyyətinə siyasi-ideoloji zərbə vurdu. Azərbaycan siyasətində, dövlətçiliyində Heydər Əliyevi yüksək tutmadı, onu dövlət xadimi və tarixi şəxsiyyət kimi siyasi cəhətdən qəsdi-qərəzlə aşağıladı: “Heydər Əliyev dövlət yox, hakimiyyət qurub”. İndi bütün ölkədə kütlə psixologiyalı camaat zümrəsi onun bu sözünü bir-birinə əzbərdən deyir. AMEA-da, təhsil ocaqlarında, nazirlik və komitələrdə, yaradıcılıq təşkilatlarında, bazarlarda, mağazalarda, toylarda və vaylarda, firqələrdə, mediada və topdansatış məntəqələrində də həmçinin. Hətta bu fikri Türkiyə mətbuatında da müzakirə edildi. Amma PA-nın çinli məmurları da, YAP icra aparatı da, Siyasi Şura da, İdarə Heyəti də, YAP üzvü olan akademiklər və doktorlar da, YAP-ın gənclər təşkilatı da, YAP-ın şöbə müdirləri və təşkilat sədrləri də, dövlətin ideoloji strukturları da, YAP-çı deputatlar və iqtidaryönlü qəzetlər də, Heydər Əliyevin və İlham Əliyevin çörəyi ilə bahalı şalvar geyinib kişi olan nazirlər və məmurlar da Şirməmməd Hüseynovun Heydər Əliyevə qarşı bu ədalətsiz-kinli “siyasi qiymətinin” qarşısında bilə-bilə susdular, cəsarətsiz və lal durdular, həqiqət naminə tutarlı cavab verməyə iqtidarları çatmadı. Başlarının üstündə də Heydər Əliyevin, İlham Əliyevin portretləri. Bəlkə Prezident Şirməmməd Hüseynovun qızına – əvvəllər “təhlükəsiz Mahmudov cevrəsi” ilə yaxın olduğundan – yüksək vəzifə verdiyi üçün qorxdular və belə elədilər? Bəlkə də yox? Hər halda cənab İlham Əliyev hakimiyyətdə ola-ola belə elədilər. Ayıb olsun, sizlərə.

13. Yaltaqlanmaq. İndi kimsə kimi mətbuatda qərəzli bir şəkildə gözdən salmaq isyərisə, bu kəlməni çox işlədir. İnan, yaltaqlıqdan çox danışanların, başqalarını yaltaqlıqda ittiham edənlərin özləri həmişə yaltaq olurlar.

14. Eldar, bir ayağın burdadı, biri gorda. Hələ də özünü ərköyün uşaq kimi, “dahi millət fədaisi” kimi, heç kimdən (Allahdan da!) qorxmayan “bespredel” məmurlar və yol polisi kimi, kəndinizin ayağında dayanıb, gəlib-gedən xalqı qəhrəmansayağı daşa basan mayıf Qənbər kimi aparırsan. Lazım deyil.
Ağıllı ol.

P.S. Bundan sonra Modern.az saytındakı keçmiş şərhimlə və bu cavabımla bağlı ağlına-ağzına gələn nəyi yazırsansa, yaz. Sənə baş qoşan deyiləm.

İnterpress.az