Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, dialoqda manat məsələsi müzakirə mövzusu ola bilər: “Hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında istənilən mövzu müzakirə oluna bilər. Artıq iqtidar-müxalifət arasında dialoq Azərbaycan siyasi mədəniyyətinin bir tərkib hissəsinə çevrilib. Bir qayda olaraq da təşəbbüskar hakim Yeni Azərbaycan Partiyası olub. Bu baxımdan mən həmkarım Fazil Mustafanın təşəbbüsünü yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu məqbul olan məsələdir”.
Aydın Mirzəzadə vurğulayıb ki, dialoqda iştirak etmək üçün bütün siyasi partiyalara dəvət göndərilir: “Hər zaman bir qayda olaraq Yeni Azərbaycan Partiyası dialoq təşkil edəndə qeydiyyatdan keçmiş bütün siyasi partiyalara dəvət göndəririr. Amma bəzən hansısa partiyalar həmin tədbirdə ya iştirak etmək istəmir, ya da həmin tədbirdən siyasi divident götürmək üçün müəyyən şərtlər qoyurlar. Bu cür imtinalar başqa məsələdir. Amma partiyamız belə olan təqdirdə də həmişə bütün partiyalara dəvət göndərir”.
Deputat qeyd edib ki, partiyalar razılığa gəlsə, daimi fəaliyyət göstərən bir koordinasiya şurası yaradıla bilər: “Son vəziyyətlə bağlı ümumi bir heyətin yaradılması və ora siyasi partiya nümayəndələrinin cəlb olunması ilə bağlı heç vaxt təklif olmayıb. Amma əgər partiyalar daimi fəaliyyət göstərən bir koordinasiya şurası yaradılması ilə bağlı razılığa gələrsə, bu təklifin həyata keçirilməsi mümkün ola bilər. Amma bir qayda olaraq görüşlərdə belə bir təklif heç vaxt səslənməyib”.
İnterpress.az