\”Marja\” xəbər verir ki, layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar (istilik mübadilə qurğuları, reaktorlar, kristallizatorlar, distilyasiya kolonları, çənlər, təzyiq altında işləyən avadanlıqlar və s.) istehsal ediləcək.
Zavodun dəyəri təqribən 32 mln. avrodur.
Layihə çərçivəsində 700-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan “EPC Group” şirkəti tərəfindən həyata keçirilir. “EPC Group” zavodun fəaliyyəti dövründə də müəssisəyə texnoloji dəstək göstərəcəkdir.
Qeyd edək ki, rəqabətqabiliyyətli sənaye məhsullarının və avadanlıqlarının istehsalına dövlət tərəfindən müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərilir. Belə ki, “AzeriSteel” İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 10 mln. manat güzəştli krediti hesabına ölkəmizdə mürəkkəb metal konstruksiyalar istehsalı sahəsində aparıcı şirkətlərdən birinə çevrilmişdir.
Qaradağ Metal Konstruksiyaları Zavodunun (“AzeriSteel”) Direktorlar Şurasının sədri Rüfət Sucayev ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri, xüsusilə də son zamanlar sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi sahəsində atılan addımların sahibkarlar tərəfindən razılıqla qarşılandığını vurğulamış, “AzeriSteel”in fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, sənaye avadanlıqlarının istehsalı zavodunun qurulmasında dövlətin dəstək mexanizmlərindən istifadə olunması nəzərdə tutulur. Zavodda istehsal ediləcək rəqabətqabiliyyətli sənaye məhsulları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Almaniyanın “EPC Group” şirkətinin Satış Departamentinin rəhbəri Ernst Kühn, şirkətin Rusiya və MDB-də Biznesin inkişafı üzrə direktoru Ruslan Ahmetxanov çıxışlarında qeyd etmişlər ki, Azərbaycanda formalaşmış əlverişli biznes mühiti müasir istehsal müəssisələrinin yaradılmasına geniş imkan yaradır. Sənaye avadanlıqlarının istehsalı zavodunun qabaqcıl standartlara cavab verəcəyi və rəqabətqabiliyyətli məhsullar istehsal edəcəyi diqqətə çatdırılmış, zavodun böyük ixrac potensialına malik olacağı vurğulanmışdır.
İnterpress.az