Manatın sonuncu devalvasiyasından sonra vətəndaşların alıcılıq qabiliyətinin aşağı düşməsi bazarlara nisbətən ucuz, fəqət istifadəyə yararsız məhsulların çıxarılması ehtimalını artırmaqdadır.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov bu tendensiyanın hələ ötən ilin sonlarından müşahidə edildiyini, yaxın gələcəkdə vəziyyətin daha da pisləşəcəyini vurğulayıb:
“Bu tendensiya ötən ilin oktyabr ayından etibarən davam edir. Ölkə prezidentinin sahibkarlar üçün yaratdığı bu münbit şəraitdən bəzi sahibkarlar sui-istifadə edir. Bununla bağlı bizə çoxlu sayda şikayətlər daxil olur. Bu şikayətlərdən də görünür ki, istehlakçıların hüququ pozaulanda, onlara keyfiyyətsiz məhsul satılanda və ya xidmət göstəriləndə onlar bundan imtina edir və ya dəyişdirilməsini tələb edirsə, istehlakçıların bu istəyi yerinə yetirilmir. İstehlakçılara bildirilir ki, bizə kimsə toxuna bilməz.
Biz Azad İstehlakçılar Birliyinə daxil olan və özümüzün həll edə bilmədiyimiz şikayətləri dövlət orqanına göndəririk. Dövlət orqanları isə bildirirlər ki, bizim həmin sahibkarların fəaliyyətinə müdaxilə etməyə ixtiyarımız yoxdur. Məsələn, ölkədə yodsuz duzun satışı qadağandır. Son üç ayda yollara səpələmək, dəri aşılamaq üçün nəzərdə tutulan, ağır metallarla zəngin olan duzlar qablaşdırılaraq Ukrayna istehsalı duzlar adı altında bütün ölkədə satılır. Biz Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə rəsmi məktubla müraciət etmişik. Lakin müraciətimizin müsbət nəticəsi olmayıb və bu məhsulun satışı davam edir. Ölkədə çoxsaylı keyfiyyətsiz mal satılır. Gözləyirəm ki, ölkədə ciddi epidemiyalar başlayacaq.
Buna göreə də mən dünən Baş Prokurorluqla danışdım. Bildirdim ki, bu problemlərin qarşısını almaq lazımdır. Belə razılığa gəldik ki, mən şikayətləri prokurorluğa göndərim və prokurorluq vasitəsi ilə bunları həll edək.
Ölkə prezidentinin sahibkarları müdafiə etməsi çox yaxşı bir haldır. Çünki sahibkarlaırn verdiyi rüşvət istehlakçıya satılan malların qiymətinin üstünə gəlir. Lakin bundan sahibkarlar sui-istifadə etməli deyillər. Əgər bu problemlərin qarşısı indi alınmazsa, o zaman yaxın gələcəkdə bu tendensiya daha da böyüyəcək və əhaliyə yararsız məhsullaırın satışı davam edəcək”.
İnterpress.az