Qurumun struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, qanuni əsaslarla fəaliyət göstərən əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımı tədbirlər icra olunmaqdadır.
Xidmət rəisi vurğulayıb ki, ötən il ölkə iqtisadiyyatına 11 milyard dollar xarici sərmayənin qoyulması onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Məlum olduğu kimi, Miqrasiya Məcəlləsinə əsasən dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbi şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılıb.
Ötən il ölkədə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu günə kimi açılmış yeni iş yerlərinin sayı 1.4 milyonu keçib və onun da böyük əksəriyyəti daimi iş yerləridir. Xidmət rəisi deyib ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olarq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.
Müşavirədə bildirilib ki, ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.
Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105.550 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
F.Nəbiyev bildirib ki, Xidmət ölkədə vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə işinin artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə kompleks tədbirlərin icrasına start verib. Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib.
Hesabat dövründə müraciətlər əsasında 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb.
Xidmət rəisi “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icrası, readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reintiqrasiyası ilə bağlı işlər barədə söhbət açıb.
Əldə olunan uğurların əsasını xidmətdə kadr siyasəti təşkil edir, F.Nəbiyev məlumat verib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 28 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 248 əməkdaşın əməyi fərqləndirilib.
Müşavirənin sonunda Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
İnterpress.az