İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, anlaşmaya əsasən 1500-2000 suriyalı müxalif mart ayından etibarən bu ölkəyə təlim keçməyə gələcək. İordaniya və Səudiyyə Ərəbistanına göndəriləcəklərlə birlikdə bu say ildə 5 minə çatacaq. Təlim proqramının 3 il davam edəcəyi gözlənilir. Bu müddətdə 13 min suriyalı müxalif təlimə cəlb ediləcək.
Təlim proqramı ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin İŞİD-ə qarşı mübarizə planın tərkib hissəsidir.
“Al Jazeera”nin məlumatına görə, təlimə cəlb edilən müxaliflərin Bəşər Əsədlə döyüşlərə cəlb edilib-edilməməsi barədə heç bir şərt müzakirə mövzusu deyil. Türk xarici siyasət idarəsinin adı açıqlanmayan nümayəndəsi “Bizim təlim verdiyimiz hər kəs həm İŞİD, həm də Əsədə qarşı savaşacaq. Bundan heç bir şübhəmiz yoxdur” deyə vurğulayıb.
İnterpress.az