Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az saytına qanunun işlək vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda bir sıra təkliflər verib:
“Bu qanun qəbul olunub. Hələ 2005-ci ildə Prezident İlham Əliyev Nazirlər Kabinetinə göstəriş verib ki, əsasnaməni hazırlayıb təsdiq etsinlər. Amma hansı səbəbdən bunu qəbul etmirlər, başa düşülən deyil.
Burada iki məsələ var: birincisi, biz, maliyyə amnistiyası haqqında qanun qəbul olunmasının tərəfdarıyıq. Yalnız bu halda oliqarxlar, məmurlar hansılar ki, xarici ölkələrdə külli miqdarda vəsaitləri var, onu Azərbaycana gətirmək imkanları olsun. Onsuz da bu pulu qazanıblar, əyri və ya düz yolla, fərqi yoxdur. O pulların Azərbaycana investisiya şəklində yatırılması vacibdir. Buna görə də maliyyə amnistiyası qəbul olunmalıdır”.
V.Əhmədov gəlir deklarasiyası məsələsinə gəlincə, “bununla bağlı qərarı hökumət verməlidir” deyib: “İndiki vəziyyətdə maliyyə amnistiyası çox vacibdir. Qanunda elə müddəa yer almalıdır ki, bu vəsait Azərbaycana yalnız investisiya şəklində gətirilsin”.
Deputat “qanun qəbul olunarsa, dünyanın reytinq cədvəllərinə milyonçu Azərbaycan vətəndaşlarının da adının düşməsi reallaşa bilərmi” sualını belə cavablandırıb:
“Bu, gec-tez olmalıdır. Əgər biz demokratik dövlət qurur, demokratik islahatlar aparırıqsa, bu da olmalıdır. Cənab Prezident son günlər vacib qərarlar imzalayıb, iqtisadi islahatlara start verib. Bu proseslər sürətlənməlidir ki, ölkə yaranmış çətin vəziyyətdən çıxa bilsin. Fikir verin, ölkə başçısı son 2 ayda çox əhəmiyyətli qanunlar, sərəncamlar verir. Hesab edirəm ki, gec-tez gəlir deklarasiyasına dair qanun da işlək vəziyyətə gətirilməlidir”.
İnterpress.az