“Avis” apteklər şəbəkəsi fəaliyyətini dayandırmayıb (VİDEO)backend

“Avis” apteklər şəbəkəsi fəaliyyətini dayandırmayıb (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda geniş aptek şəbəkəsinə malik olan “Avis” Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.

Məsələ ilə bağlı apteklər şəbəkəsinin paytaxtda yerləşən bir neçə məntəqəsinə baxış keçirilib. Badamdar qəsəbəsində yerləşən filialda aptekin şöbə müdiri Orxan Paşayev fəaliyyətlərini dayandırmadıqlarını deyib:

“Tutulan yoxdur. Yalnız Nərimanov rayon şöbəmizdə yoxlamalar aparılır. Bizim işimizdə heç bir problem yoxdur. Fəaliyyətimizi davam etdiririk. Yoxlamaların niyə aparıldığından xəbərimiz yoxdur”.

Daha sonra aptek şəbəkəsinin Hüseyn Cavid prospektindəki və Haqverdiyev küçəsindəki məntəqələrinə də baş çəkildi. Bu məntəqələrdən də heç bir hadisənin baş vermədiyini və apteklərin öz işlərini davam etdirdiklərini qeyd etdilər.

Əczaçı Səddam Rzayev isə bütün şöbələrin fəaliyyət göstərdiyini və işlərini davam etdirdiklərini söyləyib. Dərmanlar üzrə yoxlamalar isə həmişəki kimi aparılır.

Aptek şəbəkəsinin nümayəndələrinin adını çəkdiyi Nərimanov rayonunda yerləşən məntəqəsində isə, həqiqətən, fəaliyyət dayanmışdı. Məsələ ilə bağlı Baş prokurorluğun baş katibi Eldar Sultanovla əlaqə saxladıq. O, məsələyə belə aydınlıq gətirdi:

“Bildiyiniz kimi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən süni qiymət artımı, istehlakçıların aldadılması və digər halların qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlərin davamı olaraq Bakı şəhərində fəaliyyət göstərən süni qiymət artımı halları ilə rastlaşmış və həmin şirkətin rəhbəri Elmir Məhərov şübhəli şəxs qismində saxlanılıb”.

“Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. “Avis” aptekləri Türkiyədə fəaliyyət göstərən “Median Sağlıq” Şirkətlər Qrupuna (Bağçılar Median) məxsusdur. Şirkətə 3 qardaş rəhbərlik edir. Onlardan biri – Səid adlı Türkiyə vətəndaşıdır. Hansı ki, Azərbaycanda fəaliyyət göstərən “Avis” şirkətinə rəhbərlik edir”. İnformasiya saytlarının iddialarına görə, artıq həmin şəxsin ölkəni tərk etdiyi bildirilir.

İnterpress.az