Səfər Əbiyev tutduğu vəzifədən azad edildikdən sonra mətbuatda onun barəsində bir sıra məlumatlar dolaşmağa başladı. Həmin informasiyada bildirilir ki, sabiq nazir yeni ili Çexiyada aldığı mülkdə qeyd edib. Bu və digər məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən mənbənin sözlərinə görə, səfər Əbiyeviin ikili vətəndaşlığı var. Yəni o, Azərbaycanla bərabər Çexiyanın da vətəndaşıdır: \”Səfər Əbiyevin lap əvvəldən bu ölkə ilə əlaqələrinin olduğu, tez-tez Praqaya gedib-gəldiyi, hətta Çexiyanın Karlovı-Varı bölgəsində malikanəyə sahibləndiyi artıq çoxlarına bəllidir. O, nazir postundan kənarlaşdırılandan sonra isə bu ölkəyə daha intensiv səfər etməyə başlayıb. Qeyd edim ki, Səfər Əbiyevin iki oğlu var: Ruslan və Roman. Böyük oğlu Ruslan Əbiyev vergi orqanlarında işləyir. Kiçik oğlu Roman Əbiyev isə prokurorluq sisteminin işçisidir. Onların hər ikisinin də Çexiya ilə sıx əlaqələri mövcuddur. Bundan başqa, çex saytlarında çıxan məlumatlarda Dilarə, İana və Ruslan Əbiyevlərin adına daşınmaz əmlak çıxır. Heç şübhəsiz ki, sabiq nazirin həyat yoldaşının daha əvvəldən Çexiya vətəndaşı olması haqda xəbərlərin yayılması da bu iddiaları gücləndirir\”.
General-polkovnik büdcədən ayrılan külli miqdarda vəsaiti hansı yolla mənimsəyib?
Səfər Əbiyevin sahib olduğu sərvətə gəlincə, məlumatlı şəxs bildirir ki, sabiq nazir Müdafiə Nazirliyinin geyim şifarişlərini öz nəzarətində saxlayır: \”Hazırda Bakı Əyrici Toxucu fabrikini və Bakı Tikiş fabrikini (keçmiş Volodarskiy fabriki) Səfər Əbiyev himayə edir. \”Baki Əyirici Toxucu\” ASC artıq xeyli müddətdir ki, Səfər Əbiyevin nəzarətinə keçib. Elə buna görə də, geyim sifarişlərinin əsas hissəsi uzun illərdir bu fabrikə verilir. Belə ki, Müdafiə Nazirliyinin 30 LOT-dan ibarət olan sifarışləri bu fabriklər arasında bölünür. Bütün LOT-lar ya laboratoriya vasitəsi ilə, ya da əvvəlcədən razılaşdırılmış tender keçirilməsi yolu ilə yuxarıda adları çəkilən fabriklər arasında bölünür. Bu fabriklərdə istehsal olunan hərbi geyimlərin qiymətləri ikiqat artırılır və orduya, dövlətə külli miqdarda ziyan vurulur. Sabiq nazirin qardaşı Rüstəm Əbiyevin \”Baki Əyirici-Toxucu\” ASC-də direktor müavini olması Səfər Əbiyevin gizli əməliyyatlarının üstünün açılmasına, ona yönəlik ittihamlara səbəb olduğundan sonradan qardaşını oradan uzaqlaşdırıb. Bununla belə müəssisənin direktorları hər zaman Səfər Əbiyevin göstərişlərini icra ediblər\”. Mənbənin sözlərinə görə, son 10 ildə bu müəssisənin Müdafiə Nazirliyinin tenderlərində qalib gəlməsi adı ilə onun bank hesabına o qədər böyük məbləğdə pullar köçürülüb ki, artıq onların sayı-hesabı da itib: \”Bunların əksəriyyəti də malsız, yəni Müdafiə Nazirliyi üçün heç bir ləvazimat istehsal edilməyən əməliyyatlar olub. \”Baki Əyirici-Toxucu\” ASC-nin Müdafiə Nazirliyi üçün neçə illərdir istehsal olunan mallarına əlavə dəyər vergisi dövlətə ödənilməyib. Bununla bağlı büdcədən ayrılan külli miqdarda vəsait mənimsənilib və bütün bunlar Səfər Əbiyevin büdcəsinə gedib\”.
Səfər Əbiyevin dəyəri 100 milyonlarla ölçülən mülklərinin siyahısı…
Səfər Əbiyevin nazir postunda təmsil olunduğu müddətdə Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirdiyini iddia edən məlumatlı şəxs qeyd edir ki, general-polkovnikin Bakıda və əyalətlərdə əzəmətli villaları, bahalı mülkləri və gəlirli biznes obyektləri var: \”Misal olaraq Hərbi Akademiyanın qarşısındakı qoşa villanı, Həsən Əliyev küçəsindəki möhtəşəm villanı, Teymur Əliyev küçəsindəki çoxmərtəbəli qoşa villaları, \”Şüşəli bazar\”ın arxasındakı villanı, Həzi Aslanov qəsəbəsində hektarlarla torpaq sahəsi və villaları, Xəzər rayonu, Şimal DRES ərazisində möhtəşəm villanı, Qubadakı 100 hektardan çox torpaq sahəsini göstərmək olar. Səfər Əbiyevin sərvəti bunlarla yekunlaşmır. Onun əmlaklarının qiyməti 100 milyonlarla ölçülür. Keçmiş nazirin Hərbi Akademiya ilə üzbəüz çoxmərtəbəli qoşa villanın həyətində böyük avtomobil parkı var. Orada 30-dan artıq bahalı avtomobil saxlanılır. Bundan başqa, sabiq nazirin Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada 4 otaqlı bir neçə mənzili, \”Avropa\” hotelinin yanındakı çoxmərtəbəli binada 5 mənzili, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binası, Səməd Vurğun küçəsində villası və çoxmərtəbəli binada mənzilləri, \”Sahil\” metrostansiyasının yanında çoxmərtəbəli binada mənzilləri, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaları, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketlər, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatı var. Hələ bu, harasıdır. Mətbuatda İsa Nəcəfova məxsus olduğu iddia edilən \”Tusi\” Klinikası da əslində Səfər Əbiyevin obyektlərindən biridir\”.
Məlumatlı şəxs iddia edir ki, əgər bütün bunlar aidiyyət qurumlar tərəfindən obyektiv şəkildə araşdırılarsa, o zaman Səfər Əbiyevin müdafiə naziri postunda çalışdığı dönəmdə yol verdiyi bir çox nöqsanlar, uğursuz kadr islahatları, yeyinti halları, özbaşınalıqlar aşkarlana, həmçinin indiyədək geniş auditoriyaya bəlli olmayan bəzi mətləblərə aydınlıq gətirilə bilər: \”Şübhəsiz əgər bu, baş verərsə, onda sabiq nazirin törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsi məsələsi də gündəmə gələ, nəticədə isə onun həbsi reallaşa bilər. Çünki ortada bunun üçün kifayət qədər fakt, arqument var…\” (teref info)
İnterpress.az