AZAL-ın sabiq prezidenti Ədalət Əliyev modern.az saytına ölkədə baş verən proseslərdə aidiyyatı qurumların, məmurların laqeyd hərəkətlərinə diqqət çəkib. O, təəssüflə qeyd edib ki, dünya praktikasında böhranlı vəziyyətlərdə atılan addımlar bu gün Azərbaycanda hiss olunmur:
“Çox qəribə çıxışlar var. Nazirliklər, rəsmi qurumların nümayəndələri çıxışları zamanı problemi boyunlarından atır, məsələnin onlara dəxli olmadığını əsaslandırmağa çalışırlar.
Sözlərindən belə çıxır ki, baş verən maliyyə hadisələri indiyə qədər bunlara toxunmurdu, indi birbaşa təsirə məruz qalıblar. Buna müvafiq də rəylərini açıqlayırlar. Bu, belə deyil. Konkret sahələr var ki, onlar ölkədəki vəziyyətə cavabdehdir və çıxış yolunu da konkret ortaya qoymalıdırlar”.
Turizm sahəsinin inkişafına gəlincə, Ə.Əliyev ciddi islahatlara ehtiyac olduğunu vurğulayıb:
“Xidmət servisinin yüksəldilməsi olduqca vacibdir. Bununla kifayət qədər çox insanı cəlb etmək olar. Qiymət siyasətinə yenidən baxılmalıdır. Elə qiymət siyasəti yeridilməlidir ki, turist Gürcüstana, Türkiyəyə yox, Azərbaycana can atsın. Hələlik isə bunlara adekvat addımların atılması müşahidə olunmur.
Dünyada yanacağın qiyməti düşür. Azərbaycanda da yanacağın qiyməti aşağı salınsa, bir növ servis xidmətinə, eyni zamanda çox sayda turistin cəlb edilməsinə təsir edə bilər. Əfsuslar olsun ki, bizdə bu yoxdur”.
Sabiq prezident “AZAL-ın qiymət siyasətinə yenidən baxması onun büdcəsinə əhəmiyyətli dərəcədə mənfi təsir edə bilərmi” sualına cavab olaraq bu barədə fikir səsləndirmək istəmədiyini deyib:
“Məsələni bilib-bilmədən danışmaq olmaz. Onu çox dərindən tədqiq etmək lazımdır. Yəni prosesi bilmədən deyilən fikir boş sözdən də ibarət ola bilər. Mən özüm eşitmişəm ki, baş nazirin birinci müavini Abid Şərifov AZAL-ın maliyyələşdirilməsinə 15 milyard manat ayrıldığını deyib. Əlbəttə bu vəsaitin dövlətə geri qayıtması üçün iqtisadi əsaslar olmalıdır. Amma bu iqtisadi əsaslar var, yoxsa yox, bunu deməyə çətinlik çəkirəm”.
İnterpress.az