2015-ci ilin 31 dekabr günü Respublikamızın banisi, Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhər Dəmiryolçular parkında yerləşən büstünü ziyarət etdiyinə görə, azərbaycanlı gəncin başına gəlməyən qalmadı:
“Büstün qarşısında dayanmışdım. İki nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq yaxınlıqda olan polis məntəqəsinə dəvət etdilər. Gəncə şəhər Kəpəz rayonu polis idarəsinin rəisi vəzifəsini icra edən polis polkovniki leytnant Şamil Həsənov həmin polis məntəqəsinə gəldi və məni təhqir etdi”.
A.Allahverdiyev İnterpress.az-a verdiyi açıqlamada bildirdi ki, polis polkovniki onu polis işçisinə yaraşmayan sözlərlə təhqir edib. Bütün bu özbaşınalıqla bağlı A.Allahverdiyev Gəncə şəhər prokurorluğuna izahat verib.
Qeyd edək ki, bu, Azər Allahverdiyevin Məhəmməd Əmin Rəsulzadəni sevdiyinə görə aldığı ilk zərbə deyil. O, 2007-ci ildə Gəncədəki Aqrar Universitetinin 1-ci kursundan da elə bu sevgiyə görə qovulub. Beləki, onun Novxanıda, ulu öndərin doğum günü ilə bağlı keçirilən mitinqdə iştirak etdiyini bilən universitet rəhbərliyi bu “xəyanəti” ona bağışlaya bilməyiblər və məktəbdən qovmaqla ürəklərini soyutmağa çalışıblar.
Bu dəfə Gəncədəki ziyarətin nəticəsində isə, Azər Allahveriyevi işlədiyi Azərbaycan Texnologiya Universitetindən qovublar.
İnterpress.az