Bu barədə ilkin razılaşma Gürcüstanın energetika naziri Kaxa Kaladzenin fevralın 16-da Tehrana səfəri zamanı əldə olunub. Razılaşmanı İranın Milli qaz ixrac şirkəti NİGEC-in prezidenti Əlirza Kameli açıqlayıb.Kameli qeyd edib ki, İran qazı Gürcüstana Ermənistan üzərindən ötürüləcək.
“Tehran və Tiflis 200 milyon İran qazının bu Qafqaz dövlətinə ixracına dair danışıqlar aparır”-Kameli Kaxa Kaladze ilə danışıqlardan sonra bildirib. O, əlavə edib ki, Gürcüstanın dövlət və özəl sektoruna daxil olan müəssisələr İran qazını almaqda maraqlıdır. “Gözlənilir ki, İran qazının Gürcüstana nəqli martın 21-dən başlayacaq”-İran rəsmisi deyib.
Qaz ixracına dair müqavilə qısamüddətli olacaq və 7 ay müddətə hesablanacaq, ancaq bu sahədə sonrakı əməkdaşlıq üçün baza rolunu oynayacaq. Bununla belə Gürcüstan hələ Ermənistandan qaz tranzitinə dair icazə almaldır. “Əgər sövdələşmənin iqtisadi tərəfi məqbul olarsa daha sonra Gürcüstana qaz təchizatına dair uzunmüddətli və ortamüddətli müqavilə bağlanacaq”-Kameli deyib.
Xatırladaq ki, İran qazının Gürcüstana Azərbaycan üzərindən ötürülməsi variantı da nəzərdən keçirilirdi. Lakin indi belə görünür ki, tərəflər Ermənistan variantına üstünlük verirlər. Bu, Ermənistanın cüzi həcmdə də olsa üçüncü ölkəyə qaz tranzitini həyata keçirməsi, başqa sözlə, on illərdir davam edən təcrid vəziyyətindən çıxmaq üçün simvolik addım atması deməkdir.
Azərbaycan prezidenti İlham Əliyev fevralın sonlarında Tehrana səfər edəcək və gözlənilir ki, həmin səfərdə Gürcüstana qaz ixracının marşrutu da müzakirə olunacaq.(virtual)
İnterpress.az