Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin moderatorluq etdiyi konfransın məruzəçiləri Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode və tarixçi alim Maksim Quen olub. Konfransı giriş sözü ilə açan Jan-Fransua Mansel qeyd edib ki, Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirlərin təşkilində əsas məqsəd Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.
O bildirb ki, konfransın əsas məqsədi Xocalı qətliamı haqqında həmvətənlilərinə ətraflı məlumat verməkdir. Məruzələrdən öncə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Daha sonra Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev regionun Xocalı qətliamına qədərki tarixi ilə bağlı məruzə ilə çıxış edib. Çıxışına Qafqaz regionunun tarixini şərh etməklə başlayan Cavanşir Feyziyev bu regionda XIII əsrədək dövlətçilik ənənəsinə malik olan yeganə ölkənin məhz Azərbaycan olduğunu vurgulayaraq Gülüstan və Türkmənçay Müqavilələrinin Azərbaycan dövlətçiliyinin və xalqının tarixində oynamış olduğu faciəvi rolunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Deputat XVIII əsrin 2-ci yarısından başlayaraq son iki yüz il ərzində Azərbaycan torpaqlarının getdikcə erməniləşdirilməsi və bu prosesin ərazinin aborigen əhalisi olan azərbaycanlıların kütləvi qırğını və deportasiyası hesabına həyata keçirildiyini tarixi faktlarla, bunu əks etdirən xəritələrin təqdimatı ilə konfrans iştirakçılarına danışıb. 1918-ci ildə cəmi 9000 kv km ərazidə Azərbaycan torpaqlarında yaradılmış ilk erməni dövlətinin ərazisinin keçən 100 il ərzində xarici güclərin bilavasitə dəstəyi ilə məhz Azərbaycan torpaqlarının etnik təmizlənməsi hesabına təxminən 40.000 kv.km-ə çatdırıldığını qeyd edib.
Deputat konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları da çatdırıb. O, erməni silahlılarının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərini işğal etməsindən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb. Bu faciə ilə bağlı Serj Sarkisyanın söylədiyi fikirləri xatırladan deputat dünya birliyinin bu hadisələrə biganə münasibət sərgilədiyini və soyqırım aktını həyata keçirən şəxslərin bu gün də Ermənistanı idarə etdiyini və bunun dözülməz olduğunu vurğulayıb. Xocalıda insanlığa qarşı dəhşətli cinayət aktının törədildiyinə və bu qətliamın Cenevrə Konvensiyalarının müvafiq maddələrinə müvafiq olaraq soyqırım aktı olduğuna əminliyini bildirən deputat Cavanşir Feyziyev Xocalı qətliamının artıq dünyanın bir sıra ölkələri tərəfindən, eləcə də Amerikanın 20-dən çox ştatı tərəfindən Soyqırım aktı kimi tanındığını bildirib.
Çıxışının sonunda Milli Məclisin deputatı beynəlxalq siyasətdə ənənəvi olaraq insan haqlarının müdafiəçisi kimi çıxış edən Fransanı və onun Parlamentini Xocalı soyqırımını tanımağa və bununla da Xocalıya ədalətin təmin olunmasına öz dəstəyini verməyə çağırıb.
Tarixçi Maksim Quen erməni ASALA terror təşkilatından, onun həyata keçirdiyi amansız qətllərdən, qanlı cinayətlərdən söz açıb. O, ermənilərin daim insanları qətlə yetirməsinə, onlara işgəncə verməsinə baxmayaraq özlərini qurban kimi qələmə verdiklərini bildirib. Tarixçi ASALA erməni təşkilatının müxtəlif ölkələrdə törətdiyi terror aktlarından danışıb və bu terror aktlarının erməni lobbisi tərəfindən ört-basdır edildiyini bildirib. Parisdə Orly aeroportunda baş verən terror aktının qurbanlarının sayının göstərildiyindən də çox olmasına baxmayaraq bu günədək onların əbədiləşdirilməsi üçün heç bir xatirə lövhə qoyulmadığını bildirib və bu terror aktının, eləcə də Xocalı soyqırımının lazımı səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğunu vurğulayıb. O, ASALA erməni təşkilatının Azərbaycan və türk xalqlarına qarşı törətdikləri kütləvi qırğınlardan danışıb.
Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode də öz növbəsində Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib.
Münaqişə nəticsində Azərbaycanın ərazisinin 20 % -nin işğal olunduğunu və 800 000-dən çox insanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan, 250 000 Azərbaycanlının isə Ermənistandan – öz doğma yurdlarından qovulduğunu bildirib. Azərbaycan hökumətinin 1 milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi ilə bağlı üzləşdiyi çətinliklərdən danışıb. Geosiyasət üzrə ekspert Azərbaycanın regionda ən güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini söyləyib.
D. Şode ölkəmizin geosiyasi mövqeyini yüksək qiymətləndirərək, onun qərbyönümlü olmasından və Avropanın eneji mənbələrinin şaxələndirilməsindəki rolundan bəhs edib. Ölkəmizin təkcə öz enerji ehtiyatlarını deyil, eyni zamanda Turkmənistan və İranın enerji ehtiyatlarının da Avropaya çıxışında roluna və regionda sabitliyinin əhəmiyyətinə toxunaraq, böyük dövlətlərin mövcud münaqişəyə ikili standartlarla yanaşdığını bildirib. O, status-kvonun qəbuledilməz olduğunu vurğulayıb.
Məruzələrdən sonra davam edən müzakirələr zamanı senator Natali Qule Minsk qrupunun təkcə həmsədr dövlətlərinin yox, eləcə də digər üzv dövlətlərinin məsələyə münasibətinin vacib olduğunu qeyd edib. Vəkil Olivye Pardo Xocalı faciəsi ilə bağlı Figaro qəzetində məqalə vermək istədiyini və bu məqsədlə qəzetin baş redaktoru ilə bu haqda danışmasına baxmayaraq erməni diasporunun məqalənin dərc olunmasına hər vəchlə mane olduğunu bildirdi.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı soyqırımının 24 –cü ildönümünə həsr edilmiş konfransın təşkilinə görə təşəkkür edib və 26 fevralın Azərbaycan xalqı üçün həm matəm, həm də ümid günü olduğunu bildirib.
Bu gün Xocalı qurbanlarının anım günü, eləcə də həmrəylik günüdür.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi regionda ədalətin bərqərar olunması və fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır. Səfir bildirib ki, faciə ilə bağlı cəzasızlıq Ermənistana müttəfiqlərinin köməyi ilə etnik təmizləmə aparmaqda və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə imkan verib. Səfir Ermənistanın qeyri-konstruktiv və təcəvüzkar mövqeyi ilə danışıqlar prosesini pozduğunu, vasitəçilərin təkliflərinin heç birini qəbul etmədiyini diqqətə çatdırıb.
Səfir deyib: “Xocalı bütün dünyada eşidilməli olan bir haraydır. Ermənistanı Azərbaycanın ərazilərini qeyri-qanuni işğal etməsinə son qoymağa, Xocalıda və digər ətraf rayonlarda törətdikləri faciələrdən qaçıb qurtaran bir milyon qaçqın-köçkün azərbaycanlının insan hüquqlarına riayət etməyə məcbur etmək lazımdır. Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Bu günkü statu-quo isə nəinki qəbuledilməz, həm də dözülməzdir. Avropada dəyərlərdən, insan hüquqlarından danışılır. Əgər bir neçə jurnalistin hüququndan danışırıqsa, nəyə görə öz doğma torpaqlarından didərgin salınmiş bir milyon dinc əhalinin hüquqlarından danışılmır? Ermənistanı yüz minlərlə Azərbaycanlının insan hüquqlarına hörmət etməyə məcbur etmək lazımdır.”
Türkiyənin Fransadakı səfiri Hakki Akil Xocalı soyqırımı zamanı Parisdə olduğunu və bu faciənin fransız mətbuatında yetərincə işıqlandırılmadığını qeyd edib. Konfransda həm məruzəçilər, həm də iştirakçılar Fransa mətbuatının hadisələrə ikili standartlar əsasında yanaşdığını diqqətə çatdırıblar.
Interpress.az