2045-ci ilə qədər səhralaşma səbəbindən 135 milyona yaxın insan öz evlərini tərk edə bilər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, quraqlıq və səhralaşma səbəbindən dünyada hər il təxminən 12 milyon hektar ərazi itirilir. Qeyd edilir ki, buna görə də 2045-ci ilə qədər 135 milyon insan səhralaşmaya görə evlərini tərk etməli olacaq.
Səhralaşma təhlükəsinin yaratdığı problemlərə və ona qarşı mübarizəyə diqqəti cəlb etmək məqsədilə 1994-cü ildən etibarən hər il iyunun 17-si Birləşmiş Millətlər Təşkilatının qərarı ilə “Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü” kimi qeyd olunur.
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, 1900-cü ildən bəri quraqlıq səbəbindən 11 milyondan çox insan həyatını itirib, 2 milyard insan isə quraqlıqdan zərər çəkib.
Dünyada hər il 6-8 milyard dollar ziyana səbəb olan quraqlığın bəşəriyyət üçün ən bahalı təbii fəlakət olduğu təxmin edilir.
Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasına (UNCCD) görə, bütün yerüstü ekosistemlərin 84 faizi quraqlıqla bağlı meşə yanğınları riski altındadır.
İqlim dəyişikliyinin, xüsusən əhalinin sürətli artımı və ərzaq təhlükəsizliyi problemlərinin yaşandığı dünyanın bəzi yerlərində quraqlıq riskini artıracağı gözlənilir.