“Sevgilim dedi ki, pulu oğurlasan xoşbəxt olacağıq…”backend

“Sevgilim dedi ki, pulu oğurlasan xoşbəxt olacağıq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclası təxirə salınıb.

Buna səbəb isə ittiham aktında S.Allahverdiyavanın cinayət ortağı kimi adı keçən sevgilisi Emil İsmayılovun elə həmin gün həbs edilməsidir.

Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndirilən 39 yaşlı Sevda Allahverdiyava xadimə işlədiyi evdən pul oğurlayıb.

Cinayət işi üzrə zərərçəkmiş Anarə Məmmədovanın vəkili Vasif İsrafilov bildirib ki, dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada məhkəmə iddiası veəcəklər: “Emil İsmayılovun da bu cinayət işi üzrə məsuliyyətə cəlb edilməsi üçün lazımı bütün hüquqi addımları atacağıq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sevda Allahverdiyeva xadimə işlədiyi A.Məmmədovanın evindən 30 min manat pul oğurlayıb. Ona bu pulu oğurlamasını sevgilisi Emil İsmayılov deyib. Sevgililər plan qurublar ki, pulu oğurlayıb ölkədən qaçsınlar.

Sevda Allahverdiyeva ibtidai istintaqa ifadəsində törətdiyi əməli etiraf edib və peşman olduğunu deyib: “Ərimdən boşandıqdan sonra valideynlərimin yanına getmədim. Yeddi yaşlı oğlum Elşənlə tək qaldım. Sonra özümdən yaşca çox kiçik Emil İsmayılovla tanış oldum. O, bizə çox kömək edirdi. Emil bir gün mənə dedi ki, “xozayka”nın evini axtarım, oğurlamaq üçün bir şey olub-olmadığına baxım. Mən isə Emilə “axı mən o evdən çörək pulu qazanıram, yaxşı olmaz” dedim. Emil dedi ki, əgər evdən pul oğurlasan birlikdə xaricə gedib orada xoşbəxt yaşayacağıq. Mən razılaşıb evi axtardım, yataq otağında 30 min pul və qızıllar vardı. Bunları Emilə dedim, o da dedi ki, təkcə pulu götürüm, qızıllar qalsın. Bir müddət sonra Emil tutuldu. Kürdəxanıya gedib onunla görüşdüm, Emil dedi ki, pulu oğurla, məni burdan çıxart. Bundan sonra bir gün ev sahibi aşağı mərtəbədə olanda çıxıb yataq otağından pulu götürüb çantama qoydum, xanıma dedim ki, özümü pis hiss edirəm. O da icazə verdi, çıxıb evə gəldim. Kürdəxanıya gedib Emilə pulu oğurladığımı dedim, o da saxlamağımı tapşırdı. Gözlədim, Emil buraxılandan sonra pulu ona verdim. Emil sənədlərinin qaydasında olmadığı üçün mənim adıma özünə maşın aldı. O söz verdi ki, öncə Bakıda toy edəcəyik, sonra isə qaçıb gedəcəyik. Pulu öz bildiyi kimi xərcləyirdi, bir dəfə də ikimiz Qubada istirahətə getdik”.

Zərərçəkmiş A.Məmmədovanın həyat yoldaşı D.Məmmədov ibtidai istintaqa ifadəsində deyib ki, həmin pul qayınatasının olub: “Yoldaşımın atası öz evini 30 min manata satıb pulu saxlamaq üçün bizə verdi. Oğluna ev alacaqdı. Pulları seyfə qoyub bağladım, açar da yataq otağında idi. Bir müddət sonra qayınatam gəlib dedi ki, oğluna ev tapıb. Mən də pulu götürmək üçün seyfi açdım, gördüm pul orda yoxdu. Artıq bir neçə gün idi ki, Sevda bizə işləməyə gəlmirdi, biz də ondan şübhələndik”.

Sevda Allahverdiyevanın qardaşı Cəfər Əliyev də ibtidai istintaqa ifadə verib. O deyib ki, bacısı Sevda 1993-cü ildən tüfeyli həyat tərzi yaşayır: “Buna görə də atamgil onu evdən qovmuşdu. Bizim onunla əlaqəmiz yox idi. 2014-cü ildə bir qadın bizə gəlib Sevdanın onun evindən 30 min manat oğurladığını dedi. Bir yerdə Sevdanın kirayə yaşadığı evə getdik, orada yox idi. Qonşusu dedi ki, Sevda Emil adlı oğlanla evlənəcəyini deyib, toy isə sentyabrın 13-də “Dəniz” şadlıq sarayında olacaq. Restorana gedib administratordan Emilin nömrəsini alıb zəng etdik. Sevda ilə danışdım, onunla görüşüb pulları alıb ev sahibinə qaytarmaq üçün yalandan dedim ki, atam ölüb. Sevda dedi ki, yasa gələcək. Biz də evimizin yanında maşında oturub gözləyirdik. Bir neçə dəqiqə sonra Sevda zəng edib “niyə məni aldadırsan, atamız ölməyib” dedi və telefonu söndürdü. Ondan sonra da Sevdadan xəbərim olmadı”.

Sevda Allahverdiyavanın sevgilisi Emil İsmayılov 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən 2400 manat, yaşadığı evdən isə 1500 manat aşkarlanıb. Pulun qalanını hara xərclədiyi məlum deyil. Həmin vaxt məhkəmə onun barəsində də həbs-qətimkan tədbiri seçməkdən imtina edib.

Vəkil Vasif İsrafilov bildirib ki, məhkəmənin bu qərarından appelyasiya şikayəti verilib. E.İsmayılov axtarışa verilib və S.Allahverdiyevanın məhkəmə prosesinin ilk iclas günündə saxlanılıb.

23 yaşlı Emil İsmayılovun bir neçə qadını oxşar formada aldatdığı məlum olub. O, Sevda Allahverdiyavaya söz verdiyi kimi toy etməyib. Ondan pulu aldıqdan sonra başqa bir qadınla qeyri-rəsmi yaşamağa başlayıb. Həmin qadına da onunla evlənəcəyini söz verib. (Qafqazinfo)

İnterpress.az