“Azərbaycan Müdafiə Nazirliyi son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin aktivliyinin müşahidə olunduğu haqda məlumat yayıb. Bu son aylarda, Azərbaycan dövlətinin dünya birliyinə, azad olunmuş suveren Azərbaycan ərazilərində “sülhməramlı” missiyası həyata keçirdiyini iddia edən Rusiyaya və sülh quruculuğu prosesindən boyun qaçıran,uydurma böhtanlarla siyasi əxlaq və diplomatik etika qanunlarını tapdalamış Ermənistana yüzlərlə xəbərdarlığından biridir”.
Bu barədə İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist, ictimai fəal Natiq Çıraqzadə bildirib.
İctimai fəal qeyd edib ki, bu gün Türkiyə Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Laçın yolu ilə bağlı yayılan bəyanatı, Ermənistanla yanaşı, prosesi planlı şəkildə ləngitdiyinə görə Rusiyaya da verilən reaksiya kimi xarakterizə etmək olar :
“Türkiyə XİN-in açıqlamasında Ermənistan, birmənalı şəkildə vəziyyəti gərginləşdirən hərəkətlərinin nəticəsi haqda sətiraltı məlumatlandırıldı. Bizim artıq ərazilərimizdə qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də, əraziyə minaların basdırılması kimi hallara dözüm göstərməyimiz mümkün deyil. Bizim heç bir siyasi səmtdən (şimal,cənub,şərq,qərb) asılılığımız yoxdur. Xüsusilə prosesin dondurulması istiqamətində fəaliyyət göstərən rəsmi Moskvaya, bu mövzu ilə bağlı hansısa kompromisə getmək müzakirə mövzusu belə deyil. İstənilən vaxt Azərbaycan ictimaiyyəti,mediası və rəşadətli Azərbaycan Silahlı Qüvvələri, qüdrətli Azərbaycan dövlətinin növbəti əmriylə yenidən həmrəy olmağı və tarixi ədaləti bərpa etməyi bacaracaq. Biz, münaqişə ocaqları yaradıb, sonradan sifarişlə döyüşçü alveriylə məşğul olmuruq. Öz əzəli torpaqlarımızdan terror təhlükəsini aradan qaldırmaq üçün heç kimdən icazə almaq məcburiyyətində də deyilik”