Rusiyada Aleksandr Nevzorov və ailəsi Sankt-Peterburqdakı evlərindən məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqun Primorsk Rayon Məhkəməsi jurnalist Aleksandr Nevzorovun, həyat yoldaşı Lidiya Nevzorovanın, oğlunun və qayınanasının Lisiy Nos qəsəbəsindəki evdən çıxarılması barədə qərar qəbul edib.
Məhkəmə ailə üzvlərinin həmin yaşayış binasından istifadə hüququnu itirdiyini tanıyıb və onların qeydiyyatdan çıxarılmasına qərar verib. İddia ilə Rusiya Federal Əmlak İdarəsi çıxış edib.
Məlumata görə, ev və torpaq sahəsi əvvəlcə Lidiya Nevzorovaya məxsus olub. O, 2023-cü ildə əmlakı 20 milyon rubla anası Natalya Kolesnikovaya satıb. Lakin məhkəmə alqı-satqı müqaviləsini formal, yəni real satış məqsədi daşımayan əqd kimi qiymətləndirərək etibarsız sayıb.
2024-cü ilin dekabrında ev və torpaq sahəsi dövlətin mülkiyyətinə keçirilib. Buna səbəb kimi həmin vaxt Aleksandr və Lidiya Nevzorovaların Rusiyada fəaliyyəti qadağan edilmiş ekstremist birlikdə iştirakçı kimi tanınması göstərilib.
Xuraman Etibarlı
İnterpress.az






