Polşa parlamentinin aşağı palatası olan Seym tərəfindən qəbul edilən qətnamədə bildirilir ki, ölkənin seçki prosesinə istənilən xarici təsir dövlətə qarşı “düşmənçilik aktı” kimi qiymətləndiriləcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polşanın PAP xəbər agentliyinin məlumatına görə, hakim Hüquq və Ədalət Partiyasının hazırladığı qətnamənin lehinə 204 deputat, əleyhinə 175 deputat, bitərəf 10 deputat səs verib.
Qərar Almaniyanın ZDF telekanalına müsahibəsində Avropa Parlamentinin (AP) ən böyük siyasi qrupu olan Avropa Xalq Partiyasının (EPP) prezidenti Manfred Veberin Polşa hökumətini tənqid etməsinə cavab kimi qiymətləndirilib. Veber Polşada hakim partiyanı “demokratik qaydaları pozmaqda” ittiham edib.
Qətnamədə deyilirdi ki, nümunəvi avropalı olduqlarını iddia edən bəzi siyasətçilərin döyüşkən dili və onların Polşada siyasi səhnəni xarici qüvvələr və təsirlər vasitəsilə formalaşdırmaq ambisiyaları seçki prosesinə qəbuledilməz müdaxilə kimi qiymətləndiriləcək və Avropanın qanunlarına zidd olaraq dəyərləndiriləcək.
Həmçinin qeyd olunub ki, seçki prosesinə istənilən xarici müdaxilə Polşa dövlətinə qarşı düşmənçilik aktı kimi qiymətləndiriləcək və buna qarşı qətiyyətlə mübarizə aparılacaq.
Seymdə 15 oktyabrda ölkədə keçiriləcək ümumi seçkilərlə vətəndaşlara 4 sualın veriləcəyi referendumun keçirilməsi təklifi qəbul edilib.