Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Son zamanlar Ermənistanın hərbi təxribatları intensivləşib. Demək olar, hər gün provokasiya törədilir. Bu, Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin sülh gündəliyinə sadiqliyinə dair bəyanatlarını şübhə altına qoyur. Və belə bir nəticəyə gəlməyə imkan verir ki, hökumət başçısının bu səpkili açıqlamaları sadəcə daxili auditoriya üçün hesablanıb.
Məsələ ondan ibarətdir ki, bu cür sabotaj cəhdləri sülh gündəliyinə xələl gətirir və etimad mühitinə kölgə salır.
Əvvəl də dediyimiz kimi, provokasiyaların sülhdə maraqlı olmayan üçüncü qüvvələr tərəfindən törədilməsi istisna deyil. Lakin bu, indiki halda bizim üçün əhəmiyyətsizdir. Çünki hazırda Azərbaycanın tərəf müqabili Ermənistan hərbi – siyasi hakimiyyətidir. Deməli, istənilən təxribata görə məsuliyyəti rəsmi İrəvan daşıyır.
Bu isə o deməkdir ki, Paşinyan siyasi iradə göstərməlidir. Ermənistan hərbi – siyasi hakimiyyəti üçüncü qüvvələrin pozuculuq fəaliyyətinin qarşısını almalıdır. Beləliklə, həm də öz səmimiliyini nümayiş etdirə bilər.
Zaman rəsmi İrəvanın əlehinə işləyir. Paşinyan təxribatların dayanması üçün çalışmalıdır. Əks halda bunu Azərbaycan ordusu edəcək.
Əgər qarşıdakı 1 həftə – 10 gün ərzində provokasiyalar yenə də təkrarlanarsa, Azərbaycan ciddi hərbi tədbirlər görə bilər. Növbəti əməliyyatın başlanması da tamamilə gözləniləndir. Çünki söhbət təhlükəsizlikdən və siyasi prioritetlərimiz üçün yaranan təhdiddən gedir.
Kənan Novruzov
İnterpress.az