Ukraynada döyüşlər lazımından çox uzanır? – ABŞ qərar verməli olacaqbackend

Ukraynada döyüşlər lazımından çox uzanır? – ABŞ qərar verməli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Ukraynanın hazırda davam edən əks-hücum əməliyyatları daha böyük əməliyyatlara hazırlıqdır.

Qeyd olunub ki, hazırkı həmlələr gələcək əməliyyat üçün əlverişli şərait yaratmağa hesablanıb: “Ukrayna əks-hücum əməliyyatlarının ümumi uğuru haqqında qiymətləndirmələr etmək hələ tezdir. Müxtəlif mərhələlərdə əks-hücum əməliyyatları müxtəlif templə inkişaf edə bilər”.

Hesabatda bildirilib ki, Rusiyanın effektiv müdafiə əməliyyatları və sıx mina sahələri Ukraynanın irəliləyişlərini məhdudlaşdırıb.

Məlum olduğu kimi, Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücum əməliyyatları çərçivəsində işğal altındakı bəzi torpaqlar azad edilib. Buna baxmayaraq, əməliyyatların sürətinin lazımi səviyyədə olmamasına dair iddialar var. Rəsmi Kiyev də zaman-zaman bunu etiraf edib.

Əks hücum əməliyyatlarının nə ilə nəticələnəcəyini indidən proqnozlaşdırmaq çətindir. ABŞ İnstitutu da hesabatında məhz buna diqqət çəkərək bildirib ki, əks-hücum əməliyyatlarının ümumi uğuru haqqında qiymətləndirmələr etmək hələ tezdir.

Rusiyanın əraziləri minalaması əks-hücum əməliyyatlarının sürətinə təsir edən obyektiv amildir. Amma bu, yeganə səbəb deyil. Proseslər göstərir ki, ABŞ-ın Ukraynaya xüsusilə hərbi dəstəyinin səviyyəsi indi həlledici rol oynayır.

ABŞ-ın Ukraynaya dəstəyinin nə qədər və hansı səviyyədə davam edəcəyi isə hələlik sual altındadır.

Vaşinqtonun Kiyevə yardımı birdən – birə dayandıracağına inanmıram. Çünki ABŞ müharibənin başından bəri Ukraynaya dəstəyini ifadə edir. İndi qəfil belə bir radikal addımın atılması Ağ Evin nüfuzuna təsir edə bilər. Bu, xüsusilə prezident seçkiləri ərəfəsində hazırkı dövlət başçısı Cozef Baydenə lazım deyil.

Bununla belə, hərbi yardımın həcminin lazımi, daha doğrusu, Ukraynanın arzu etdiyi səviyyədə olmaması da artıq məlumdur.

Döyüşlərin gələcək inkişafı böyük ehtimalla həm də Rusiyanın hazırkı mərhələdə ortaya qoyduğu müqavimətdən asılıdır. Yaxın gələcəkdə Rusiyanın müqaviməti qırılarsa, Ukrayna daha ciddi və effektiv əməliyyatlara başlaya bilər. Sözsüz ki, bu da ABŞ- ın birbaşa koordinatorluğu ilə olacaq.

Yox, əgər Rusiya tərəfdaşlarının, xüsusilə Çin və İranın köməyi ilə müqavimət göstərməyə davam edəcəksə, onda ABŞ da daha ehtiyatlı davranacaq. Çünki ayırılan resurslar boşuna sərf olunmuş olacaq.

Düşünürəm ki, hələ bir müddət cəbhədə durum statik olaraq qalmaqda davam edəcək, tərəflərdən heç biri ciddi üstünlük qazanmayacaq. Bu müddətdə ABŞ prosesləri müşahidə edəcək və ardınca lazımi qərarı verəcək.

Kənan Novruzov
İnterpress.az