Son zamanlar Quran yandırmalarının sayının artması ilə İslam dünyasının və beynəlxalq ictimai rəyin reaksiyasına səbəb olan Danimarka bununla bağlı qanuni addım atıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Danimarka hökuməti Qurana qarşı iyrənc hücumların qarşısını almaq üçün “dini obyektlərə uyğun olmayan rəftar”ı qadağan edən qanun layihəsinin parlamentə təqdim ediləcəyini açıqlayıb.
Qanun layihəsi ilə bağlı Danimarkanın ədliyyə naziri Peter Hummelgaard müqəddəs kitablara hücumun yeganə məqsədinin “nifrət yaratmaq və nifaq salmaq” olduğunu deyib və bildirib ki, yeni qanun layihəsi ilə Quran, İncil və ya Tövratın ictimai yerlərdə yandırılması olacaq.
Qeyd edilib ki, qanun layihəsi hazırda dövlət bayraqlarının yandırılmasını qadağan edən və cərimə və ya iki ilədək həbs cəzası nəzərdə tutan qanunla birləşdiriləcək.
Layihənin parlamentə nə vaxt təqdim ediləcəyi məlum olmasa da, təsdiqlənməsi gözlənilir. 179 yerlik Dan parlamentində 88 deputatı olan koalisiya hökuməti də Danimarkanın Qrenlandiya və Farer adalarının yarı müstəqil ərazilərini təmsil edən 4 deputatın dəstəyi ilə mütləq çoxluğu təmin edə bilir. Oxşar hərəkətlərin baş verdiyi İsveç hərəkətlərin qarşısını almaq üçün hüquqi baza yaratmağa çalışır.
Digər tərəfdən, Kopenhagendə bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Quran-Kərimin yandırılmasının davam etməsinin ardından Danimarkanın Ankara səfirliyinin müvəqqəti işlər vəkili Age Sandal Möller 6-cı dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.