Priqojinin ölümünə sözardı: bəs əslində sağdırsa?!backend

Priqojinin ölümünə sözardı: bəs əslində sağdırsa?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümünü rəsmən təsdiqləyib. Bu barədə müvafiq qurumlar məlumat yayıb.

Məlum olduğu kimi, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (“Təyyarənin istismarı qaydalarının pozulması”) üzrə cinayət işi açıb.

Daha öncə CNN telekanalı Priqojının təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirib.

Niyə məhz təyyarə qəzası?

“Vaqner” in uğursuz silahlı qiyamından sonra Rusiya Prezidenti Vladimir Putinin ölkənin müdafiə naziri Sergey Şoyqu ilə Priqojin arasında seçim edəcəyini, o cümlədən ikincinin öldürüləcəyini çoxları proqnozlaşdırırdı. İlk növbədə Putinin xarakteri bu qənaətə gəlməyə əsas verirdi. Belə ki, onun düşmənlərinə qarşı amansız olduğu əksəriyyətə məlumdur. “KQB” məktəbi keçən, keçmiş agent Putin üçün bu sui- qəsdlər adi haldır.

İkinci bir tərəfdən, Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini tez – tez tənqid edirdi. Bu, uzun müddət davam edə bilməzdi. Putin intriqaya son qoymalı idi. Bu mənada “Vaqner” rəhbərinin ölümü əslində təəccüblü deyil. Amma suallar və qaranlıq məqamlar kifayət qədərdir.

Ağıla ilk gələn sual budur: niyə məhz təyyarə qəzası? Sözsüz ki, sui- qəsdin başqa yolları da var. Məsələn, Putin isə Priqojini zəhərləyə və ya həbs elətdirə bilərdi. Və bunu elə edərdi ki, kimsənin xəbəri olmazdı. Çoxları düşünərdi ki, Priqojin sadəcə olaraq yoruldu və getdi…

Elə isə bu qədər səs – küy nəyə lazım idi? Əgər Priqojinin ölümünü, həqiqətən, Rusiya təşkil edibsə, ola bilsin, Putin bununla dünyaya və düşmənlərinə göz dağı vermək istəyib. İkincisi, təyyarə qəzasının sırf texniki səbəblərdən olmadığını kimsə iddia edə bilməz. Bəlkə də, digər hallarda Putin daha çox şübhə çəkərdi, nəinki indi.
Priqojin sağdır?!

Maraqlı məqamlardan biri budur ki, həmin vaxt Priqojinə məxsus 2 təyyarə Tver səmasında idi. Bu, “Vaqner” rəhbərinin əslində ölmədiyinə və baş verənlərin sadəcə şou olduğuna dair şübhələr yaradır. Belə ki, Priqojinin digər təyyarədə olması da mümkündür. Qeyd olunan rəsmi açıqlamaların isə dezinformasiya olması, ictimai rəyi çaşdırmaq üçün məqsədli şəkildə yayılması qətiyyən istisna deyil.

Üstəgəl, günlərdə Priqojinin müxtəlif geyimlərə və kamuflyajda yayılan fotoları da onun ölmədiyinə dair şübhələri artırır.

Nəzərə almaq lazımdır ki, Priqojin uzun müddət, bəlkə də, ölümünə qədər Putinin adamı olub. Silahlı qiyama cəhdin də Kremlin hazırladığı şou olduğu iddia edilirdi. Əgər qiyam şou idisə, deməli, Putinin indi də hansısa oyun olması mümkündür. Ümumiyyətlə, Priqojinin, həqiqətən, ölüb – ölməməsi bundan sonra uzun müddət müzakirə olunacaq. Bəlkə də, həmin vaxt səmada iki təyyarənin olması məhz buna hesablanıb.

Putin yenə tələyə düşdü?

Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinin ölümü haqqında maraqlı fikir səsləndirib. O bildirib ki, “Vaqner” rəhbərinin təhlükəsizlik zəmanəti yox idi. Beləliklə, Lukaşenko məsuliyyəti həm öz üzərindən, həm də Putinin üzərindən yayındırmağa çalışıb.

Həm rəsmi Moskvanın, həm də rəsmi Minskin mövqeyinə görə Priqojinin ölümündə Rusiyanın əli olmayıb. Kreml bu iddiaları rədd edir. Əslində praktiki baxımından “Vaqner” rəhbərini Qərbin, hətta Ukraynanın aradan çıxarması mümkündür. Ola bilsin, doğrudan da, təyyarə qəzası Rusiyanın işi deyil.

Amma Kremlin israrla öz yaxasını qırağa çəkməsi də əslində Rusiyanın ziyanınadır. Belə ki, Priqojinin ölümündə Qərbin və ya Ukraynanın əli varsa, deməli, onlar istənilən vaxt Putinin digər adamlarını da aradan qaldıra bilərlər. Bu isə Kremlin təhlükəsizliyinin açıq – aşkar təhdid altında olması deməkdir. Odur ki, Putinin Priqojinin ölümündə rolu olduğunu deməsi, bəlkə də, daha yaxşı variantdır.

“Vaqner” əfsanəsi bitir?

Bundan sonra “Vaqner” in taleyinin necə olmasına dair müxtəlif versiyalar var. Xüsusi hərbi təşkilatın dağılması istisna deyil. Mümkündür ki, “Vaqner” tədricən Belarus ərazisindən çıxacaq, döyüşçülərin bir çoxu Rusiya Müdafiə Nazirliyinin tərkibinə daxil olacaq. Hər halda Putin bu fürsəti qaçırmaq istəməz.
Bəzi suallar açıq olaraq qalmaqdadır. Ən böyük sual isə budur: Priqojin, doğrudan da, ölməyibsə, onda Putinin növbəti planı nədir?

Kənan Novruzov
İnterpress.az