Quraqlıq probleminin ən çox yaşandığı ölkələrdən biri olan İspaniyada bu il ilk dəfə bənd və gölməçələrdə suyun səviyyəsi 30 faizdən aşağı düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İspaniyanın Ekoloji Keçid Nazirliyi tərəfindən nəşr olunan həftəlik bülletenə görə, kənd təsərrüfatı, sənaye və ev təsərrüfatlarında istifadə olunan suyu təmin etmək üçün bəndlər və gölməçələrdəki su ehtiyatı ölkə üzrə orta hesabla 29,3 faiz azalıb.
Hazırda ölkənin 40 faizi su çatışmazlığı səbəbindən fövqəladə vəziyyətdədir.
Xüsusilə su ehtiyatı 19,4 faiz olan Əndəlüsdə və 24,1 faiz olan Kataloniyada su problemi qabarıq şəkildə özünü göstərir.
Statistikaya görə, istilik dalğalarının erkən başladığı və adi hal aldığı İspaniyada 1961-ci ildən bəri ən isti yay, son 60 ilin üçüncü ən quraq ili yaşanır.
Digər tərəfdən, elektrik enerjisi istehsalı üçün bəndlərdəki su ehtiyatlarının 56 faizədək azaldığı, bunun da son 10 ilin orta göstəricisindən (64,6 faiz) aşağı olduğu bildirilib.
Meteorologiya rəsmiləri həftəsonundan başlayaraq xüsusilə ölkənin şərq və şimal rayonlarında yağıntıların olacağını proqnozlaşdırsalar da, mütəxəssislər bunun payızda davam etməsə, quraqlıq probleminin həlli olmayacağını iddia edirlər.