Avropa İttifaqı (Aİ) Rusiya fərd və təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6 ay müddətinə uzadılmasına qərar verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ Şurasından verilən açıqlamada, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətinə uzadılmasına qərar verildiyi bildirilib.
Açıqlamada, təxminən 1800 şəxs və quruma qarşı səyahət qadağaları, aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülməsinə qadağaların daxil olduğu sanksiyaların 15 Mart 2024-cü ilə qədər uzadıldığı diqqətə çatdırılıb. Bu sanksiyalardan biri Ukraynadakı müharibə səbəbindən tətbiq edilib.
Açıqlamada bildirilib ki, qiymətləndirmə nəticəsində 4 nəfərin sanksiya siyahısından çıxarılmasına qərar verilib.
Bu şəxslər və təşkilatların bir çoxu Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına salınıb.
Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib.
Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən neft və kömür, qızıl daxil olmaqla, geniş məhdudiyyətlər tətbiq edildi.