“Elm ümmandır” təhsil təqaüdü layihəsinin sosial hesabat tədbiri keçirilibbackend

“Elm ümmandır” təhsil təqaüdü layihəsinin sosial hesabat tədbiri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günü-gündən yenilənən, dəyişən Azərbaycan gəncliyinin həyat məramının qurulmasında vasitəçi olmağa çalışan “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin “Təhsil qolu” 5 ildir ki, ata himayəsindən məhrum abituriyentlərin təhsil həyatında dönüşüm yaradacaq geniş miqyaslı “Təhsil təqaüdü” layihəsini həyata keçirir.

İnterpress.az xəbər verir ki, sentyabrın 13-ü Nizami kino mərkəzində Birliyin “Elm ümmandır” təhsil təqaüdü layihəsinin sosial hesabat tədbiri keçirilib. Tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, millət vəkilləri, müxtəlif universitetlərdən pedaqoq heyəti, həssas qrup nümayəndəsi valideynlər və övladları iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd il ərzində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında ictimaiyyətin məlumatlandırılması və növbəti tədris ilində layihənin genişləndirilməsi istiqamətində görüləcək işlərin təqdim edilməsi olub.
Öncə dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi dua ilə yad olunub.
Daha sonra “Cığır” MDİD İB-nin sədri Yeganə Mirzəyeva çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, bu layihəyə dəstək göstərən hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirin aparıcıları 2022-2023-cü il üzrə Birliyin “Elm ümmandır” təhsil təqaüdünün ərsəyə gəlməsində müstəsna rolu olan sosial sahibkarlıq layihələri və “Qutabdan kitaba” sosial sahibkarlıq layihəsinin fəaliyyəti haqqında geniş məlumat verib və bununla bağlı layihə çərçivəsində görülən işlərə dair video-çarxlar izlənilib.
Tədbirdə “Elm Ümmandır” təhsil layihəsinə il ərzində yaxından dəstək göstərən özəl və dövlət qurumlarına, sosial sahibkarlıq layihələrinin ölkə daxilində keçirilən müxtəlif satış-sərgi yarmarkalarında təqdimatının təşkil olunmasında önəmli rol oynayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəliyi, Birliyin sosial sahibkarlıq layihələrinin könüllü komandasına, xüsusilə də hədəfi təhsilə dəstək olan “Qutabdan kitaba” layihəsinin iştirakçısı, həssas qrup nümayəndəsi xanımlara, “Təhsil təqaüdü” layihəsinin rəhbəri Günel Abdulməcid və komanda heyətinə təşəkkürnamə təqdim olunub.
Sonda bu il Təhsil təqaüdü hesabına ali məktəbə qəbul olan gənclər İctimai Birlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Qeyd edək ki, gənclərin bir neçəsinə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məzahir Əfəndiyev və Razi Nurullayev təqdim edib.