“Fransanın bölgədə sülhə xidmət etməyən səyləri heç bir nəticə verməyəcək”.
“İnterpress.az” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin E.Makronun TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.
Onun sözlərinə görə, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər verir.
“Azərbaycan öz torpaqlarından erməni silahlı qüvvələrinin ərazilərimizindən çıxarılması və erməni silahlı birləşmələrini tərk-silah etməsi ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir. Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”, – A.Hacızadə bildirib.