“Milli Şuranın rəhbərliyi ilə Rüstəm İbrahimbəy arasında görüş olmayıb. Martın 30-da Koordinasiya Şurasının toplantısıdır. Təşəbbüs və ya dəvət olarsa, bu məsələ orada müzakirə oluna bilər. Yəni indiyə qədər bu məsələ müzakirə edilməyib”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, R.İbrahimbəyov hazırda Milli Şuranın fəxri sədri olaraq qalır və onun 3 illik fasilədən sonra Bakıya gəlmişkən, Milli Şuranın rəhbərliyi ilə görüşməsi, yaxud onların toplantılarına qatılması normal qarşılanardı. Lakin R.İbrahimbəyov özü də əməkdaşımıza deyib ki, hələlik bu mövzuda danışmaq istəmir və qardaşının 40 mərasiminədək susmağa üstünlük verir.
Fakt budur ki, hazırda Milli Şura rəhbərliyində R.İbrahimbəyova yekdil münasibət yoxdur. Elə M.İbrahimbəyovun vida mərasimində iştirak məsələsi də bunu təsdiqlədi. Belə ki, qurumun yalnız iki nümayəndəsi Milli Şuranın sabiq sədri, hazırkı fəxri sədrinin qardaşının yasına getdi. Hətta bəziləri iqtidarın siyasi kursunun müdafiəçisi olmuş keçmiş deputat M.İbrahimbəyovun yasına gedənləri də sərt şəkildə ittiham etdilər və Əli Kərimliyə bəraət qazandırdılar.
O.Gülalıyev Milli Şura rəhbərliyindən yalnız Cəmil Həsənli və Eldəniz Quliyevin R.İbrahimbəyun qardaşı Maqsud İbrahimbəyovun yas məclisində iştirak etməsi, bu məsələ ilə bağlı hətta təhqirlərlə müşayiət olunan diskussiyaların getməsinə belə reaksiya verdi: “Mən bu barədə bir söz deyə bilmərəm. Bu, fərdi məsələdir”. O.Gülalıyev Milli Şuranın sədri Cəmil Həsənlidən fərqli olaraq, AXCP sədri Əli Kərimlinin M.İbrahimbəyovun yasına getməməsi məsələsinin Milli Şura daxilində hər hansı problem yaratmayacağını da vurğuladı.
Qeyd edək ki, R.İbrahimbəyovun martın 23-də Azərbaycanı tərk etdiyi bildirilsə də, kinorejissor əməkdaşımızla telefon söhbətində hələlik Bakıda olduğunu bildirib. Ancaq hakimiyyətin ona “yaşıl işıq” yandırmasının qarşılığında çətin ki, R.İbrahimbəyov Milli Şura rəhbərliyi, xüsusilə də Ə.Kərimli ilə görüşsün. Bu, ona münasibəti yenidən mənfi istiqamətdə dəyişə və əlavə problemlər yarada bilər. Odur ki, R.İbrahimbəyovun Milli Şuranın bugünkü toplantısına qatılması real görünmür.(musavat)
İnterpress.az