Finlandiyanın Baş naziri Orpo Estoniya ilə Finlandiya arasında təbii qaz axını təmin edən Balticconnector boru kəmərinə iki həftə əvvəl dəyən ziyanla bağlı açıqlama verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Zərər baş verəndə bu bölgədə bir Çin gəmisi var idi. İndi biz Çinlə əməkdaşlıq edirik. Bizimlə yaxşı əməkdaşlıq edəcəklərinə söz veriblər”,- o bildirib.
Orpo Balticconnector boru kəmərinin AB-nin strateji enerji infrastrukturunun bir parçası olduğuna diqqət çəkib, bu kəmərin zədələnməsindən sonra araşdırmaların tamamlanmasından sonra “aydın mənzərənin” formalaşdığını ifadə edib.
Balticconnector boru kəmərinin iki həftə əvvəl “xarici faktorlar” səbəbindən zədələndiyini xatırladıb.
İsraildəki vəziyyətlə bağlı suala cavab verən Orpo qeyd edib ki, İsrail özünü müdafiə etmək hüququna malikdir, lakin insan haqlarına da diqqət yetirməlidir.
“Humanitar yardımın Qəzzaya çatmasını təmin etməliyik. Mənim üçün ən əhəmiyyətlisi onların humanitar yardım ala bilmələri və bunun üçün bir yol tapmağımızdır. Bunu necə edə biləcəyimizə dair bütün qapıları açıq saxlamaq istəyirəm”, – əlavə edib.
Orpo bölgədə atəşkəs elan edilməsi ilə bağlı fikrinə dair suala “Humanitar yardım çatmalıdır” cavabını verib.