Bakıda “Umar Abu Mücahid”in məhkəməsində: ”Ailəmi təhdid edirdilər”backend

Bakıda “Umar Abu Mücahid”in məhkəməsində: ”Ailəmi təhdid edirdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Prosesdə zərərçəkmiş şəxs qismində Elmir Seyidəhmədov dindirilib. O, ifadəsində dəstə başçısı Nurəddin Xəlilov tərəfindən ailəsinin təhdidi olunduğunu, hadisə baş verən gün isə bıçaqlandığını deyib.

E.Seyidəhmədov əvvəllər təqsirləndirilən “Osman” ləqəbli Samir Məmmədovla bir yerdə cəza çəkib. Həbsdən sonra Elmir Seyidəhmədovla idman zalında məşq edərkən qarşılaşırblar. “Osman” ona “Camaat” yaratdıqlarını, Nurəddinin də “əmir” seçdiklərini, məqsədlərinin Azərbaycanda islam dövləti qurmaq olduğunu deyib. “Osman” ona danışıb ki, bu məqsədə nail olmaq üçün cihad etmək və dindarları müəyyən edib öz dəstələrinə cəlb etmək lazımdır. O, keçmiş məhbus yoldaşına “Gəl səni Suriyaya döyüşə göndərək, orda Allah yolunda döyüşənlərə 20-25 min dollar verirlər”desə də, E.Seyidəhmədov bununla razılaşmayıb və dəstəyə qoşulmayıb.

Amma ifadəsində göstərdiyinə görə, uşağı xəstə olduğundan Samirdən 700 manat alıb. İmkanı olmadığından qaytara bilməyib, Samir isə ona deyib ki, əvəzində silah tapsın, Nurəddin belə istəyir. O da oyuncaq silah alıb onlara verib. Bu səbəbdən ona qarşı daha da hirsli olublar. 2014-cü ilin aprel ayının 14-də Elmir Seyidəhmədova üz nahiyəsindən və ayağından bıçaqla xəsarət yetiriblər.

Prosesdə şahid qismində Vahid Nuriyev ifadə verib. O ifadəsində təqsirləndirilənlərdən Nurəddin Xəlilovla vaxtilə eyni yerdə cəza çəkdiyini deyib: \” Bir yerdə \”zonda\” oturmuşuq. O mənə yeni yeni cinayətlər eləməyi təklif etdi, mən isə bunu qəbul eləmədim\”.

Məhkəmə prosesi aprelin 11-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər. Onlar ittihamlarla razılaşmır, məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər.

DİN-in məlumatına görə, 24 noyabr 2014-cü ildə Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun zəngin adam olması barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilən Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gediblər. Səhər saat 4 radələrində üzlərinə maska taxıb quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxularaq, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vinçester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, dəstə üzvlərinin 18 mart 2014-cü ildə və 18 iyul 2014-cü ildə Bakı şəhər sakinləri Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək, ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurladıqları müəyyən edilib.

Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub.
Mütəşəkkil dəstənin 18 üzvü həbs edilib. (virtualaz.org)

İnterpress.az