Dekabrın 21-də Xankəndi şəhərində futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Mərasimdə ölkə başçısı İlham Əliyev tərəfindən il ərzində göstərdiyi uğurlara görə həmin şəxslərə fəxri adlar, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü və mənzillərin sənədləri təqdim olunub.
İnterpress.az xəbər verir ki, kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev də mənzil mükafatına layiq görülüb. Saytımıza danışan baş məşqçi təəssüratlarını bölüşüb:
“Bu hadisə mənim üçün böyük fəxrdir. İlk növbədə mükafata layiq görüldüyümə görə cənab Prezident İlham Əliyevə, Milli Məclisin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə, gənclər və idman naziri Fərid Qayıbova, federasiyanın prezidenti Orxan Əliyevə, federasiyanın I vitse prezidenti Ramal Aslanova öz dərin təşəkkürümü bildirirəm. Azərbaycanı hər zaman layiqincə təmsil etdiyimizə görə verilən bu yüksək qiymət həqiqətən bizi çox sevindirdi. Belə önəmli hadisənin işğaldan azad olunmuş Xankəndi şəhərinə təsadüf etməsi isə mənim üçün daha da qürurverici hadisə oldu. Hər zaman olduğu kimi, ölkəmizdə sağlam gənclərin yetişməsinə, idmanımızın inkişafı üçün daha ciddi səylə çalışacaq, üçrəngli bayrağımızı zirvələrdə dalğalandıracaq, himnimizi səsləndirəcəyik. Bu mükafat Azərbaycan kikboksuna verilən dəyərin göstəricisi idi. Bir daha hər kəsə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Hikmət Hacıyev 1999-cu ildən daxili işlər orqanlarında çalışır. Fəaliyyəti dövründə kikboksinqdə onlarla çempion yetişdirib