Günel Mövlud və Emin Millinin yaxınları azad edildi, bəs Qənimət Zahidinkilər…backend

Günel Mövlud və Emin Millinin yaxınları azad edildi, bəs Qənimət Zahidinkilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mirvari Qəhrəmanlı: “Qənimət Zahidin yaxınları azad ediləcək…”
Yazar Günel Mövludun qardaşları Vəkil və Raci İmanovlar barədə seçilmiş həbs qətimkan qərarı dəyişdirilib. Bu barədə yazarın özü feysbuq səhifəsində məlumat yayıb. Məlumata görə, İmanovlar cəzalarının bir hissəsini çəkdiklərinə görə barələrində belə qərar verilib.

Qeyd edək ki, Günel Mövludun qardaşlarına qarşı Cinayət Məcəlləsinin 234-cü ( narkotik ittihamı) maddəsi kimi ağır ittiham irəli sürülmüşdü. Bundan öncə bu ittihamla həbs edilən Meydan.Tv-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov barəsində də buna uyğun qərar verilmişdi. Belə ki, o, 3 il müddətində azadlıqdan məhrum edilmiş, cəzası şərti olaraq verilmiş və Ağabəyov məhkəmə zalından azadlığa buraxılmışdı.

Hazırda xaricdə mühacir həyatı yaşayan şəxslərdən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov həbsdədir. Günel Mövludun qardaşları və Emin Millinin qaynının azad edilməsindən sonra Q.Zahidin də qohumları barəsində belə qərar veriləcəyi barədə xəbərlər yayılıb. Hazırda məhkəmə prosesləri gedən Zahidovların sonda azad ediləcəklərinə ümidlər artıb.

Günel Mövlud və Emin Millinin yaxınları azad edildi, bəs Qənimət Zahidinkilər…

Rüfət Zahidovun vəkili Bəhruz Bayramov “Yeni Müsavat”a açıqlamasında Zahidovların məhkəmənin sonunda azadlığa buraxılacaqlarına inamlarının artdığını söylədi: “Bu şəxslərin heç bir siyasi fəaliyyətləri olmayıb. Qənimət Zahidlə bunların heç bir əlaqələri belə yoxdur. Onların azad olunacaqlarına inanmaq istərdim. Ailə şəraitləri çox ağırdır. Rüfətin azyaşlı övladı və xəstə atası var. Ailədə işləyən yeganə şəxs bu idi. Onun həbsə atılması ailənin maddi və mənəvi durumunu ağırlaşdırıb. Hazırda onların məhkəmə prosesləri davam edir. Prosesin sonunda müsbət qərar verilsə, çox sevinərəm”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı dünyanın heç bir yerində girovluqdan istifadə edilmədiyini qeyd etdi: “Belə situasiyaları mən də yaşamışam. Bilirəm ki, qohumlar nə çəkirlər. Sanki hakimiyyətdə elə qollar var ki, bir hadisə baş verən kimi bir şəxsin qohumlarından istifadə edirlər. Hansısa bir suçlunun qohumu neyləsin ki, onun qohumudur. Axı bu Zahidovların nə günahı var? Kənd yerlərində yaşayırlar və siyasətdən tamam uzaqdırlar. Hökumət artıq bu sahədə uğurlu siyasət aparmağa başlayıb. Son əfvdə hiss olunur ki, belə qisas alma hallarına son qoyulur. Bunu hökumət deyil, hüquq mühafizə orqanlarının apardığı siyasət adlandırıram. Xaricdə yaşayıb hökuməti tənqid edən bir şəxsə qarşı daha yumşaq siyasət aparmaq lazımdır. Ümid edirəm ki, gələcəkdə qisas almaya qarşı da sərəncam veriləcək. Belə siyasət yürüdən hüquq mühafizə orqanlarının özləri vəzifələrindən azad olunacaqlar. Belə siyasət Azərbaycanın nüfuzuna ciddi zərər gətirir. Məhkəmənin sonunda Zahidovlar azad oluna bilərlər. Çünki bu fakt bütün beynəlxalq təşkilatların qarşısına qoyulub. Azərbaycanın sadə vətəndaşlarına qarşı beynəlxalq aləmdə mənfi imic formalaşır. Onlar getdikcə, ya xuliqan, ya da narkoman kimi tanınacaq. Erməni jurnalistlərin də əllərinə bəhanə verilir. Düşünürəm ki, Qənimət Zahidin yaxınları azad ediləcək və belə siyasətə də son qoyulacaq”.(Musavat)

İnterpress.az