Oğlu öldürülən Mətanət Şilder Vətənə döndü…backend

Oğlu öldürülən Mətanət Şilder Vətənə döndü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 il öncə ölkədə geniş rezonansa səbəb olan dəhşətli qətldə əsas zərərçəkmiş olan Mətanət Şilder bir neçə gün öncə Bakıya dönüb.

Moderator.az-ın əməkdaşı M. Şilderi arayaraq Bakıya dönmə səbəbi ilə maraqlanıb və bununla bağlı bir neçə suala cavab istəyib. Amma Mətanət xanım mətbuata hər hansı açıqlama vermək fikrində olmadığını və sadəcə oğlunun məzarını ziyarət etmək üçün Bakıya gəldiyini bildirib.

Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayının 2-də Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında baş verib. Naməlum şəxslər Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı Vüsal Şilderi qətlə yetirib. Yaralı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisədən iki gün sonra İsgəndərov Elman Seyidağa oğlu şübhəli şəxs qismində tutulub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Talıbov Seymur Teymur oğlu hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayətin iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. İnterpolun Azərbaycan Respublikasının Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə o, Birləşmiş Ərəb Əmirliklərində tutulduğu rəsmən bəyan edilib.

E.İsgəndərov ilkin istintaq zamanı verdiyi ifadəsində V.Şilderi özünü öldürdüyünü bildirib. O, bu sifarişi pul qarşılığında qohumu S.Talıbov və X. Əlizadə tərəfindən aldığını deyib.

Maraqlıdır ki, X. Əlizadə İnterpol tərəfindən Birləşmiş Ərəb Əmirliklərində saxlanılsa da sonradan onun ölkəyə gətirilməsi təmin edilməyib və bu günədək hər hansı rəsmi açıqlama verilmədiyindən belə bir əcaib addımın səbəbləri barədə müəmma davam etməkdədir. Şilderlər ailəsi X. Əlizadənin Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilərək törətdiyi cinayətə görə cəzalandırılması üçün çoxsaylı cəhdlər etsələr də buna nail ola bilməyiblər və bu azmış kimi X. Əlizadənin İnterpol tərəfindən saxlanılmasına baxmayaraq sonradan sərbəst buraxıldığını və Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə geniş şəkildə bizneslə məşğul olduğunu iddia edirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsgəndərov 14 il 6 ay, S.Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Amma Şilderlər ailəsi bu hökmü törədilmiş cinayətə adekvat hesab etmirlər və cinayətin digər iştirakçılarının da məsuliyyətə cəlb olunacağı günü gözləyirlər.

Interpress.az