Müraciəti olduğu kimi təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Laçın rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı, Lacın rayon İHB-nın Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Zeynalov Allahverdi
Məhərrəm oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Mən, oktyabr 1982-ci ildən Laçın Rayon İHB-nın Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə mühasib, müavin və nümayəndə vəzifələrində işləmişəm. Mənə 04 noyabr 2003-cü il tarixli, 104 saylı Sərəncamla “kiçik dövlət qulluqçusu”, 01 noyabr 2010-cü ildə, 30 saylı sərəncamla “3-cü dərəcə dövlət qulluqçusu” ixtisası verilmişdir. Bundan əlavə 29.12.2005-ci il tarixdən Laçın Rayon İHB-nin Binəqədi Rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin edilmişəm. 30 il eyni strukturda fasiləsiz işləmiş, işlədiyim müddət ərzində heç bir intizam tənbeh tədbiri ilə cəzalandırılmamış, nümunəvi xidmətimə görə daima fərqlənmiş, mütəmadi olaraq pul mükafatları, fəxri fərmanlar almışam. Məcburi köçkün, müharibə veteranıyam.
20 sentyabr 2012-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin Başçısının 96 saylı sərəncamı ilə əsassız olaraq işdən azad edildim.
Əvvəl Laçın Rayon Məhkəməsinə, sonra da aidiyyati üzrə 2013-cü ilin fevral ayında Şirvan İnzibati-İqtisadi Məhkəməsinə “sərəncamın etibarsız hesab edilib ləğv olunmasi, işə və dövlət qulluğuna bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə müraciət etdim.
Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-84/2015 saylı, 26 yanvar 2015-ci il tarixli qərarı ilə “cavabdeh Laçın Rayon İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2012-ci il tarixli, 96 nömrəli sərəncamının Zeynalov Allahverdi Məhərrəm oğluna aid 7-ci bəndi ləğv edilməsi, 01 oktyabr 2012-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Zeynalov Allahverdi Məhərrəm oğlu Laçın Rayon İcra Hakimiyyəti Başçısının Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi” qət edildi.
02 mart 2015-ci il tarixində 2-1(86)-84/2015 saylı qərar icra olunması üçün məhkəmə tərəfindən Laçın Rayon İcra Hakimiyyətinə göndərilmiş, məhkəmə qərarının könüllü şəkildə icra olunması üçün 15 gün müddət təyin edilmişdir. Lakin həmin müddətdə cavabdeh Lacın rayon İH-nin Başcısı Akif Səlimov qərarı qəsdən və qərəzciliklə icra etməmişdir.
20 aprel 2015-ci il tarixli icra sənədi üzrə Laçın Rayon İcra Qrupu tərəfindən 04 may 2015-ci il tarixdə icraata başlanmaq haqqında qərar qəbul edilmişdir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün 10 gün müddət təyin etmişdir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilmişdir.
Lakin göstərilənlərə baxmayaraq, yenə də Laçın Rayon İcra Hakimiyyətinin başcısı qanuni qüvvəsini almış qərarı icra etmədi.
Əksinə 22 sentyabr 2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti Başçısı Akif Səlimov Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət (8 aydan sonra) verdi və Şirvan Apellyasiya Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmədi.
Bununla kifayətlənməyərək bir-neçə aydan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə Şirvan Apellyasiya Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli qərardadından kassasiya şikayətin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə verdi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qərardadı ilə ərizəsi təmin edilmədi.
Beləliklə 3 il 5 aydan artıq müddətdir ki, mənim əmək, işləmək hüquqlarım Laçın Rayon İcra Hakimiyyəti Başçıları tərəfindən qəsb edilmişdir. Şəxsən 03 mart 2016-cı il tarixədək Laçın Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləyən Akif Səlimov məhkəmənin qanuni qüvvəsini almış qərarını icra etməməklə Azərbaycan Respublikasının qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində vəzifəli şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəsdən və qərəzli olaraq icra etməmənin cinayət əməli olduğu tövsif edilmişdir. O cümlədən, Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 309-cu, 314-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri də vardır. Beləliklə o, vəzifə səlahiyyətlərini aşmaqla, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini layiqincə yerinə yetirməmiş, mənim hüquq və qanuni mənafelərimə mühüm zərər vurmuşdur.
Cənab Prezident! Göstərilənlərə əsasən, pozulmuş hüquqlarımın bərpa edilməsi, mənə vurulmuş ziyanın ödənilməsi ücün Lacın rayon İcra Hakimiyyətinin sabiq başcısı Səlimov Akif İsmayıl oglu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306, 309 və 314-cü maddələri ilə cinayət işinin başlanması, onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hüquq –mühafizə orqanlarına gostəriş verməyinizi xahiş edirəm.(Avrasiya.net)
İnterpress.az