Bu barədə bu gün Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov jurnalistlər üçün keçirilən təlimdə cıxış edərkən məlumat verib.
V. Qurbanov bildirib ki, icbari tibbi sığorta paketinə stasionar müalicədə istifadə edilən dərman preparatları daxil ediləcək: \”Amma eyni zamanda bəzi ambulator müalicəyə daxil olan dərman preparatlarının da icbari tibbi sığorta paketinə salınması məsələsi müzakirə edilir. Bildiyiniz kimi, hazırda İqtisadiyyat Nazirliyinin müvafiq qurumu tərəfindən dərman preparatlarının qiymətlərinin tənzimlənməsi məsələsinə baxılır. Yəqin ki, dərman preparatlarının qiyməti tənzimləndikdən sonra bəzi ambulator dərman preparatları da paketə daxil edilsin\”.
V. Qurbanov onu da əlavə edib ki, icbari tibbi sığorta Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək. Xidmət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub: \”İcbari tibbi sığorta xidmətlərinin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək\”.
Şöbə müdiri uşaqların icbari sığorta xərclərini dövlətin qarşılayacağını deyib. Onun sözlərinə görə, uşaqlar əmək qabiliyyətli olub pul qazana bilmədiklərinə görə, icbari tibbi sığortadan kənarda qala bilməzlər. Onlar pul qazanacaq yaşda olmadıqlarından, onların icbari tibbi sığorta haqqını dövlət ödəyəcək.
İnterpress.az