Almaniyada uşaq pornoqraflarına qarşı genişmiqyaslı reyd keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, Hessen federal əyalətində uşaq pornoqrafiyasının yayılmasına qarşı polis tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.
İyunun 30-dan iyulun 4-dək müxtəlif şəhərlərdə, o cümlədən Frankfurt, Fulda, Gissen, Hanau, Kassel, Offenbax və Visbadendə 59 mənzildə axtarış aparılıb.
Ümumilikdə 460 məlumat daşıyıcısı ələ keçirilib, 57 nəfər bu işdə şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onların 52-si kişi, 5-i qadındır. Ən gənc şübhəlinin cəmi 15 yaşı var. Şübhəlilərin demək olar ki, üçdə biri 21 yaşdan aşağıdır.
Prokurorluq qeyd edir ki, iki halda söhbət təkcə rəqəmsal cinayətlərdən deyil, həm də yetkinlik yaşına çatmayanlara qarşı real cinsi zorakılıqdan gedə bilər.
“Biz tez-tez rəqəmsal sadəlövhlüklə məşğul oluruq. Uşaqlar və yeniyetmələr özlərinin və ya başqalarının şəkillərini internetdə yerləşdirirlər ki, onların cinsi məqsədlər üçün istifadə oluna biləcəyini dərk etmirlər”, – prokuror Benjamin Kraus bildirib.
Hazırda müstəntiqlər şübhəlilər arasında mümkün əlaqələri müəyyən etmək üçün ələ keçirilən materialları araşdırır.
Xuraman Etibarlı
İnterpress.az