Qırğızıstan Xarici İşlər Nazirliyi ABŞ-dan yeni viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı açıqlama tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi Qırğızıstan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə dair yeni məhdudiyyətləri şərh edərkən deyib.
“ABŞ-nin birtərəfli qaydada və əvvəlcədən xəbərdarlıq etmədən gördüyü tədbirlər narahatlıq doğurur və diplomatik dialoq çərçivəsində aydınlaşdırma tələb edir”, – nazirlikdən bildirilib.
Bununla bağlı Qırğızıstan xarici işlər nazirinin müavini İmanqaziyevlə ABŞ-nin Bişkekdəki səfiri Viqeri arasında görüş keçiriləcək.
Məhdudiyyətlərin tətbiqinin səbəbləri, onların yumşaldılmasının mümkün yolları, eləcə də gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlərin müzakirəsi planlaşdırılır.
İyulun 9-da ABŞ-nin Bişkekdəki səfirliyi ABŞ Dövlət Departamentinin Qırğızıstan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının müddətini qısaltması barədə məlumat yayıb.
Eyni zamanda, diplomatik nümayəndəlik Trampın “ABŞ-ni xarici terrorçulardan və milli təhlükəsizlik və ictimai təhlükəsizliyə digər təhdidlərdən qorumaq” haqqında sərəncamına istinad edib.
Xuraman Etibarlı
İnterpress.az