Türkiyənin xarici işlər naziri SDQ-yə Suriyadakı qeyri-sabit şəraitdən sui-istifadə etmə təhlükəsi barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Fidan Suriya Demokratik Qüvvələrinə (SDQ) Əs-Suveyda hadisələri fonunda Suriyadakı qeyri-sabit şəraitdən sui-istifadə etmə təhlükəsi barədə xəbərdarlıq edib.
“SDQ-yə mesajımız iğtişaşlardan faydalanmağa çalışmamaqdır. Onlar Suriyada onsuz da həssas olan vəziyyəti çətinləşdirməməli, əksinə konstruktiv rol oynamalıdırlar.
Əks halda, ciddi nəticələrlə üzləşəcəklər”, – Fidan deyib.
O, SDQ qüvvələrinin hərəkətləri ilə bağlı məlumatlara sahib olduğunu bildirib.
SDF (Suriya Demokratik Qüvvələri) 2015-ci ildə ABŞ-nin rəhbərlik etdiyi Suriyadakı beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan kürd hərbi ittifaqıdır.
Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd hərbi-siyasi təşkilatı YPG təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az