İran isteblişmenti daxilində ABŞ və İsraillə münasibətlərə yenidən baxılması barədə çağırışlar güclənir.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İran hakimiyyəti daxilində ölkənin xarici siyasətinə, xüsusilə də ABŞ, İsrail və ərəb dövlətləri ilə münasibətlərə yenidən baxılmasını tələb edən səslər artır.
Bu dəyişiklik tələbləri “inqilabın oğulları” adlandırılan ikinci nəsil nümayəndələrindən – sistemin içində böyümüş və dövlət strukturlarında yüksək vəzifələr tutan şəxslərdən gəlir.
Belə fiqurlardan biri kimi Ali Rəhbərin müşavirinin oğlu Həmzə Səfəvinin adı çəkilir. O hesab edir ki, İran yeni münaqişələrdən qaçmaq üçün Qərblə ideoloji qarşıdurmanı yumşaltmalıdır.
Səfəvi istisna etmir ki, əgər İsrail 1967-ci il sərhədləri ilə razılaşarsa, rəsmi Tehran Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini nəzəri cəhətdən dəstəkləyə bilər.
Keçmiş deputat, eks-prezident Rəfsəncaninin qızı Faizə Haşimi də oxşar mövqe sərgiləyir.
O bildirib ki, İranın öz maraqlarını “normal ölkə kimi” qoruya bilməsi üçün ABŞ ilə diplomatik əlaqələrin bərpası zəruridir.
“Financial Times” qeyd edir ki, rejim nümayəndələri İslam Respublikasında mümkün islahatların müxalifətdən və ya küçə etirazlarından deyil, məhz hakimiyyət tərəfindən gələcəyinə işarə edirlər.
Onlar bununla Qərbə göstərməyə çalışırlar ki, dəyişikliklər dövlətin sabitliyi üçün təhlükə yaratmadan həyata keçirilə bilər.
Xuraman Etibarlı
İnterpress.az






