Ticarət mərkəzində eskalator uşağın qolunu “udub”.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Primoryedə azyaşlını xilas etmək üçün eskalatorun konstruksiyasını sındırmaq lazım gəlib.
Hadisə Primorye diyarının Fokino şəhərində, “Meridian” ticarət mərkəzində qeydə alınıb.
Məlumata görə, uşaq atası ilə birlikdə eskalatorla aşağı düşərkən yıxılıb. Bu zaman onun gödəkçəsinin qolu mexanizmə ilişib, daha sonra isə qurğu qızın qolunu içəri çəkib.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub. Uşağı sıxılmış vəziyyətdən çıxarmaq üçün mütəxəssislər qaldırıcı mexanizmin konstruksiyasını sındırmaq məcburiyyətində qalıblar.
Azyaşlı xilas edilərək təcili yardım briqadasına təhvil verilib. Hazırda o, xəstəxanadadır.

Xuraman Etibarlı
İnterpress.az






