Ərdoğandan Vaşinqtona şərt şillə– Aya Sofyabackend

Ərdoğandan Vaşinqtona şərt şillə– Aya Sofya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün əvvəl Ramazan ayında Aya Sofya məscidində hər gün Quranın oxunacağını bəyan etməsi sərt reaksiyalara səbəb olub.

Məsələyə sonuncu reaksiya ABŞ Dövlət Departamentindən gəlib.

Dövlət Departamentinin mətbuat katibi Mark Toner Türkiyəni İstanbulda Müqəddəs Sofya kilsəsinə hörmət etməyə çağırıb və kilsənin məscidə çevrilməsi ilə bağlı Türkiyə hökumətinin qərarına etirazını bildirib.

“Birləşmiş Ştatlar Müqəddəs Sofya kilsəsini xüsusi əhəmiyyəti olan abidə kimi tanıyır. Biz Türkiyə hökumətini Müqəddəs Sofyanı kilsə kimi saxlamağa çağırırıq”, – Mark Toner deyib.

Daha əvvəl isə Yunanıstanın Xarici İşlər Nazirliyi Aya Sofyada Ramazan ayı boyunca Quranın oxunması ilə bağlı Türkiyə hakimiyyətinin qərarını pisləyib. Nazirlik ümumdünya mədəni irsə daxil olan abidədə müsəlman mərasimlərinin icrasını “anlaşılmayan, hörmətsizlik və reallıqla əlaqəsi olmayan” adlandırıb.

“Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, – rəsmi Afina bildirib.

Öz növbəsində Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Afinanın bəyanatını qəbuledilməz adlandırıb. “Paytaxtında illərdir ki, məscidin inşasına icazə verməyən, Qərbi Trakyadakı türk azlığının dini hüquqlarına davamlı müdaxilə edən Yunanıstanı ağıllı davranmağa dəvət edirik”, – Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

Yunanıstanın Mədəniyyət naziri Panos Panayotopulos isə bildirib ki, Türkiyə hökumətinin xristian kilsəsi olan Aya Sofyanı məscidə çevirməklə bağlı istənilən cəhdi ciddi nəticələrə səbəb olacaq və Türkiyəni bütün xristian dünyasına qarşı qoyacaq.

Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Aya Sofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb. Aya Sofya YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil edilib. (publika.az)

İnterpress.az