Bu barədə day.az-a Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə qərar Mədəniyyət və Turizm Nazirliyində qəbul edilib.
Qeyd edilib ki, Dövlət Rəqs Ansamblı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ölkələrdə təşkil edilən mədəniyyət günlərinin, dövlət səviyyəsində müxtəlif beynəlxalq festival və tədbirlərin aparıcı iştirakçılarından biridir.
Lakin son zamanlar Dövlət Rəqs Ansamblının repertuarının yenilənməsində yüksək dərəcəli baletmeysterlərin çatışmazlığı ilə bağlı bəzi çətinliklər yaranıb ki, bunun da nəticəsində ansamblın repertuarında sistematik təkrarçılıq müşahidə edilir.
Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin noyabrında ansamblla işləmək üçün Rusiyanın xalq artisti, professor Dikalu Muzakayev dəvət edilib. Lakin baletmeystrin peşəkar səviyyədə həyata keçirdiyi işlərə baxmayaraq, rəqqaslar tərəfindən intizamın pozulması halları qeydə alınıb.
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Dövlət Filarmoniyası tərəfindən ansamblın rəhbərliyinə dəfələrlə şifahi xəbərdarlıq edilib. Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, ansamblın bədii rəhbəri Afaq Məlikova məşqlər zamanı pozuntuların aradan qaldırılması üçün heç bir tədbir görməyib və rəqqaslar məşqlərə məsuliyyətsiz yanaşmaqda, onların gedişini pozmaqda, intizam qaydalarına riayət etməməkdə davam edib.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, nazirlik tərəfindən verilən əmrə əsasən, Dövlət Rəqs Ansamblının bədii rəhbəri Afaq Məlikovaya son dəfə xəbərdarlıq olunub və ona şiddətli töhmət verilib.
İnterpress.az