Supermarket rəhbərlərinin müraciətinin nəticəsibackend

Supermarket rəhbərlərinin müraciətinin nəticəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırlayırsınızsa, aprelin 18-də bəzi supermarketlərin sahibləri ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə-tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlamışdılar.

Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətlərində bildirmişdilər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, prosesin davamı kimi artıq qiymətlərdə artım müşahidə olunur: “Gündəlik bazarlıq edən insanlar ərzaq məhsullarının qiymətində müəyyən artımların olduğunu hiss edirlər. Həm ərzaq məhsullarının, həm də məişət kimyasının bir çox məhsullarının qiymətində artımlar olur. Sahibkarlarla hökumətin razılığa gəlməməsinin nəticəsi olaraq yaranan qiymət fərqini isə yenə vətəndaş öz cibindən ödəməli olacaq. Bundan sonra da biz qiymət artımı müşahidə edəcəyik. Çox güman ki, Vergilər Nazirliyinin qarşısında qoyulan plan azaldılmasa, ƏDV-də hər hansı biz azalmaya getmək mümkün görünmür. Çünki Vergilər Nazirliyinin də öz arqumenti var.

Arqument də bundan ibarətdir ki, onların qarşısına plan qoyulub və onu yerinə yetirməlidirlər. ƏDV-də müəyyən güzəşt olunsa, bu zaman plan pozulmalıdır. Vergi toplanması azaldılmalıdır. Azərbaycanın indiki şəraitində büdcədə problemlərin olduğu heç kimə sirr deyil. Bu səbəbdən hökumət vergilərin azaldılmasına getmək istəmir. Çox güman ki, bu prosesi davamı olaraq qiymətlərin hissə-hissə artımının şahidi olacağıq. Hökuməti isə qiymət artımını əhaliyə bir təbii proses kimi çatdırmağa çalışacaq. Əvvəlcə, süni qiymət artımı məsələsi ortaya atıldı, sonradan başa düşdülər ki, iki devalvasiyadan sonra süni qiymət artımından danışmaq yersizdir. Gördülər ki, insanların qiymət artımına ciddi reaksiyaları yoxdur. Bu məsələdə ortaq məxrəc, Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə ortaq bir toplantı keçirməsi və hansı sahələrdə mümkündürsə, ƏDV-nin ləğvi ə ya azaldılmasına getməkdir. ƏDV-ni 18 faizdən 3 faiz azaldaraq 15 faiz müəyyənləşdirmək də mümkündür. Bunun davamı olaraq, Vergilər Nazirliyinin yükü azaldılmalıdır. Ancaq büdcədən azalan vəsaitin bərpa edilməsi üçün daha çox iş adamlarının üzərinə gedilməməlidir. Bu daha çox mənfi nəticələrə səbəb ola bilər”.

İqtisadçı ekspert Qubad İbadoğlu: “Mənim müşahidələrim göstərir ki, supermarket rəhbərlərinin dediyi kimi proseslər o qədər də dramatik deyil. Lakin problemlər davam edir. Ola bilər ki, bu sahədə hər hansı qərar olsun. Hesab edirəm ki, Azərbaycanda vergilərin deferensiallaşdırılması istiqamətində addımlar atılmalıdır. Pis vəziyyətə düşən, əvvəlki ilə müqayisədə daha az qazanan ticarət obyektlərinə vergi güzəştləri edilməlidir. Dövlət rəqabəti dəstəkləməlidir və ticarət obyektlərinin bağlanmasına imkan verməməlidir. Qiymət artımları da ticarət mərkəzlərinə yaxşı heç nə vəd etmir. Bu, həm rəqabətdə uduzmağa səbəb olar, həm də dövriyyənin azalması ilə nəticələnər. Bütün hallarda supermarket rəhbərləri çalışmalıdırlar ki, qiymətlərin artımına imkan verməsinlər və dövriyyədən daha çox qazansınlar. O baxımdan bu vəziyyətdə olan təşkilatlarla bağlı hökumətin görəcəyi əsas iş rəqabəti dəstəkləmək olmalıdır”. (musavat)

İnterpress.az