Hillari Klintonun ABŞ prezidenti olacağı getdikcə qətiləşir. Artıq rəy sorğularında xanım Klinton respublikaçı rəqibi Donald Trampı 60 faiz səs toplamaqla xeyli üstələyib. Məlumdur ki, Klinton dövlət katibi olduğu dövrdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokolunun müəlliflərindən biri olub. Türkiyənin Ermənistanla sərhədi açması, əlaqələrin bərpa olunması üçün Klinton xeyli cəhdlər etmişdi. Buna baxmayaraq müsbət nəticə əldə edilməmişdi.
Bu fakt “Hillari Klinton prezident olacağı halda sərhəd açılması məsələsi yenidən ABŞ tərəfindən ciddi şəkildə gündəmə gətirilə bilərmi və Klinton prezident olsa, ABŞ-ın Qarabağ problemi ilə bağlı mövqeyində hansısa dəyişikliklər olması mümkündürmü” suallarını gündəmə gətirir.
Politoloq Natiq Miri açıqlamasında bildirdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi bir də o zaman qaldırılacaq ki, Qarabağ problemində hansısa anlaşma, irəliləyiş olsun. Ən azından mərhələli həll çərçivəsində rayonların qaytarılması məsələsi razılaşdırılsın. Əks təqdirdə bu məsələnin yenidən gündəmə gəlməsi heç bir işə yaramayacaq: “Çünki sərhədlərin açılması məsələsi və Sürix protokolunun icra olunmaması məhz Qarabağ problemini ABŞ-ın gözardı etməsi ilə əlaqədar idi. ABŞ bu iki prosesin bir-birindən ayrı şəkildə yürüdülməsinin tərəfdarı kimi çıxış edirdi ki, əslində yanlış olan bu idi. Çünki sərhədlərin bağlanması məhz Azərbaycan torpaqlarının işğal olunması ilə əlaqədardır. Ona görə də səbəb aradan qaldırılmadan nəticənin aradan qaldırılmasına olan cəhd heç bir nəticə vermədi. Bu, həm də ABŞ-ın Azərbaycan-Türkiyə münasibətlərini doğru dəyərləndirə bilməməsinin nəticəsi idi. Hər halda təcrübəli siyasətçi Hillari Klinton artıq reallığı nəzərə alacaq”.
O ki qaldı Qarabağ probleminə, politoloq qeyd etdi ki, ABŞ artıq Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının tərəfdarı kimi çıxış edir: “Bu da o deməkdir ki, ABŞ gələcəkdə Azərbaycanın bu ərazilərdə suveren hüquqlarını tanıyır. Bu da ABŞ-ın bəzi gerçəkləri anlaması və Azərbaycanda islahatlara rəvac verilməsi ilə bağlıdır. İndi müşahidə olunan siyasətin Klintonun prezidentliyi dövründə də davam etdiriləcəyi gözlənilir. Azərbaycana dəstəyin artması üçün Azərbaycan hərbi qüdrətini artırmaqla bərabər, həm də beynəlxalq birlik və Qarabağda yaşayan erməni vətəndaşları üçün liberal iqtisadiyyatı, demokratiya və insan hüquqları ilə bağlı cəlbedici olmalıdır. Belə olarsa, ABŞ-ın Azərbaycana, o cümlədən Qarabağ probleminə fərqli yanaşması olmayacaq”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzin rəhbəri Əhəd Məmmədli isə bildirdi ki, Sürix protokollarının ortaya atıldığı dövrlə indiki dövr arasında qısa vaxt keçməsinə baxmayaraq, dünyada və regionda vəziyyət diametral vəziyyətdə dəyişib. Türkiyə-Amerika, Türkiyə-Azərbaycan, Amerika-Azərbaycan münasibətləri, Klintonun dövlət katibi olduğu vaxtdan çox fərqlənir: “Türkiyə-ABŞ münasibətlərində ciddi gərginlik yaşanır, əksi olaraq Türkiyə-Azərbaycan münasibətlərində isə istiləşmə müşahidə olunur. ABŞ-Azərbaycan ilişgilərində də yaxınlaşma var. Əsasən də bu İlham Əliyevin ABŞ-a son səfəri və siyasi məhbusların bəzilərinin azadlığa buraxılmasından sonra sezilməyə başladı. Üstəlik, yenidən qondarma erməni soyqırımının gündəliyə gətirilməsi, alman bundestaqı tərəfindən tanınmasından sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunun canlanması heç də real görünmür. Çünki birincisi, bu məsələ dərhal Türkiyə tərəfindən rədd edilər. Regionda həll olunmamış Suriya düyünü, Rusiyanın yeni ambisiyaları olduğu bir vaxtda, ABŞ strateji müttəfiqləri Türkiyə və Azərbaycanla hal-hazırda aktual olmayan məsələyə görə münasibətlərini yeni gərginləşmə stadiyasına gətirməz. Çünki ABŞ-ın Türkiyə və Azərbaycanla qarşıdurması, Türkiyə və Azərbaycanın Rusiyaya yaxınlaşması ilə müşahidə olunur, bu da Amerikanın regionda maraqlarına cavab vermir. Bütün bunlardan irəli gələrək söyləyə bilərik ki, xanım Klintonun prezident olacağı təqdirdə belə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin yenidən gündəmə gəlməsi inandırıcı görünmür”.
Qarabağ məsələsinə münasibətdə hansısa dəyişikliyə gəldikdə, ekspert dedi ki, bu məsələdə illərdir ABŞ-ın sabit, dəyişilməz mövqeyi var: “Azərbaycanın ərazi bütövlüyü Vaşinqton tərəfindən daima tanınır. Amma bu məsələnin sülh yolundan başqa həll olunma alternativini də görmürlər. Bu cür mövqe onlar tərəfindən təbiidir. Ona görə də Klintonun prezidentliyi dövründə də Ağ Evin Qarabağla bağlı mövqeyinin dəyişəcəyinə inanmıram. Təbii ki, hansısa fors-major vəziyyət olmasa. Fors-majoru da regionda ancaq Rusiya yarada bilər. Hansını ki, biz 4 günlük müharibədə gördük. ABŞ-ın Qarabağla məlum mövqeyi Azərbaycana sərf edir, ya yox, bu, artıq başqa məsələdir. Düşünürəm ki, sərf etmir. ABŞ təcavüzkar Ermənistana qarşı daha sərt mövqe tuta bilərdi, amma tutmur və tutmayacaq. Azərbaycanın NATO-ya tərəf açıq mövqe seçdiyi təqdirdə, ABŞ-ı Qarabağ məsələsində daha ciddi şəkildə öz tərəfimizə çəkə bilərik. Ancaq təəssüflə bildirməliyik ki, indiki mövcud şərtlər altında, Azərbaycan iqtidarının balanslaşdırılmış xarici siyasətdən imtinası real görünmür”. (musavat)
İnterpress.az