Bu baxımdan da İnstitutun direktor müavini, ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, filologiya elmləri doktoru Paşa Kərimovla institutun yaranmasından, oradakı tarixi sənədlər haqqında söhbət etdik.
– Əlyazmalar institutu neçənci ildə yarandı?
– Sovet vaxtı əlyazmaların bir mərkəzdə toplanması məsələsi var idi. Bununla bağlı müəyyən qədər işlər də görülməyə başlanmışdı. Ancaq o illərdə əlyazmalar Quran əlifbasında olduğu üçün onların məhv edilməsi prosesi gedirdi, yandırırdılar. Deyim ki, Azərbaycan Xalq Cümhuriyyəti əlyazmaların toplanıb tədqiq edilməsi ilə məşğul olmaq məsələsini qaldırmışdı. Lakin bu sahədə iş görə bilmədilər… 1950-ci ilə kimi Ədəbiyyat İnstitutunun və Ədəbiyyat muzeyinin tərkibində bir şöbə kimi fəaliyyət göstərib. 1950-ci ildən isə müstəqil müəssisə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Fondu adı ilə fəaliyyətə başladı. Fondun da ilk direktoru görkəmli tədqiqatçı və tərcüməçi Məmmədağa Sultanov idi. İnstitutun təşkilində Məmmədağa müəllimin böyük əməyi olub. 1982-ci ildə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Əlyazmalar Fondu qonşu binadan indiki oturduğumuz binaya köçürüldü. Ona kimi burada Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yerləşirdi. Və 1987-cu ildə yenə də Heydər Əliyevin təşəbbüsü ilə Əlyazmalar Fondu institut statusu aldı. O illərdə bu çətin məsələ idi. Çünki o vaxtlar tək Ermənistan və Gürcüstanda əlyazmalar institutu vardı, vəssəlam. Digər respublikalara status vermirdilər. Yəni, sovet vaxtı bunu etmək çətin idi. Heydər Əliyev SSRİ Nazirlər soveti sədrinin birinci müavini olanda bu iş reallaşdı.
– İnstitutda nə qədər əlyazma var?
– Burada təxminən 40 min material saxlanılır, onların da 12 mini əlyazmadır. Bundan başqa, çap kitabları, əski mətbuat nümunələri və s. sənədlər də var. Bunlar da əsasən xalqdan yığılıb. Abbasqulu Ağa Bakıxanov, Bəhmən Mirzə və s. ziyalılarımızın şəxsi kolleksiyalarından yığılımış əlyazmalardır. Bilirik ki, əlyazmalar əsasən saraylarda saxlanılırdı, saraylar da böyük imperatorluqların paytaxtlarında olurdu. Məsələn, İstanbul, Təbriz, Tehran, Peterqurq, Paris, Berilin və s. paytaxtlarda əlyazmalar toplanıb. İndinin özündə də paytaxtlarda əlyazmalar toplanır. Bakı isə heç bir imperiyanın paytaxtı olmadığından burada əlyazmaların toplanması prosesi getməyib. Nə yığılıbsa, sonradan toplanıb.
– Bayaq qeyd etdiniz ki, əlyazmaları yandırırdılar. Kimlər yandırırdı?
– Sovet hakimiyyəti yandırırdı. Bunun da bir neçə səbəbi vardı: birincisi, bu ateist dövlət idi, Quran əlifbasını ortadan götürməyə çalışırdılar. Bunlar hər zaman düşmən mövqe tutmuşdular. İncilin çap olunmasına icazə verilsə də, Quranın çapı qəti qadağan idi. Dinin tənqidində də xristianlıqdan öncə İslam gəlirdi. Azərbaycanı da İslam dünyasından ayırmaq üçün – çar Rusiyasının vaxtından böyük mübarizələr gedirdi – Şərq xalqları ilə əlaqələrini tamamilə kəsmişdilər. Burada məqsəd bizi keçmişimizdən ayırmaq idi. Ona görə də, əlyazmalar kütləvi surətdə yandırılır, çaylara tökülürdü. Yaxud, əlyazma sahibi qorxusundan onda olan əlyazmaları torpağa bastırır, divarlara hörürdülər ki, ələ keçməsin. Torpağa bastırılan və divara hörülən əlyazmalar da məhv olub gedirdi. O dövrdə yazılı abidələrimizin bir çox hissəsi beləcə məhv edildi.
Sizə maraqlı bir şey deyim: Avropa missionerləri həmişə söyülüb ki, onlar gəlib bizdən əlyazmalarımızı alıb aparıblar, oğurlayıblar və s. İndi o əlyazmalarımız dünyanın müxtəlif arxivlərindədir və biz də onların vasitəsilə öz tariximizi öyrənə bilirik. Yaxşı ki, onlar aparıblar. Burada qalsaydı, digər əsərlərimiz kimi onlar da məhv olmuşdu. “Dədə Qorqud”u biz haradan öyrənirik – Drezdendən, Vatikandan. Bəs onlar olmasaydı, neynəyəcəkdik? Və yaxud sayı-hesabı olmayan abidələrimiz var ki, onları xarici arxiv və kitabxanalardan alırıq. Siz elə bilirsiniz ki, Azərbaycan Ədəbiyyat Tarixini yalnız Əlyazmalar İnstitutunun materialları ilə yazıb bitirə bilərik? Xeyr! Məsələn, mən doktorluq işimdə XVII əsr Azərbaycan Ədəbiyyat Tarixini yazmışam. Sərhədlər açıldıqdan sonra dünyaya çıxışımız oldu deyə, doktorluq işimi yazarkən bizdə olan materiallardan fərqli və yeni mənbələrə rast gəldim, sifariş verib gətirdim. Rəhmətlik Həmid Araslı 1956-cı ildə “XVII-XVIII əsr Azərbyacan Ədəbiyyat Tarixi”ni yazmışdı. O bizim ədəbiyyat tariximizi əhatə etmir, material çox azdır. Yəni, sovet vaxtı ancaq bu qədər etmək mümkün idi. Mən yazarkən çox əziyyət çəkdim, xaricdə yaşayan azərbaycanlılara, dünya kitabxanalarına müraciət edib, yeni əlyazmalar əldə etdim. Gələn əsərləri toplayandan sonra 30-a yaxın şairin əsəri çıxdı ortaya. Yəni, deməyim odur ki, sovet dövlətinin qadağaları ilə ədəbiyyat tariximizi də normal yaza bilməmişik.
– Xarici ölkələrdə əlyazmalarımız var. Bəs hansısa ölkənin bizdə saxlanılan əlyazması varmı?
– Bəli, bütün Orta və Yaxın Şərq xalqlarına aid əsərlər var. Biz öz əlyazmalarımızı axtarıb gətirdiyimiz kimi, onlar da gəlib maraqlanır, aparırlar.
– Əlyazmalarla işləmək çətindir?
– Bəli, çətindir. Nizaminin, Füzulinin, Nəsiminin və s. klassik şairlərimizin kitablarını əlimizə alıb rahat oxuyurq. Həmin əsərləri o formaya salmaq üçün çox əziyyət çəkirik. Əlyazmaları oxuyuruq, nüsxələri müqayisə edirik ki, birdən hansısa söz belə yox, başqa cürdür. Bir şairin yüzə yaxın əlyazma nüsxəsi ola bilər. Bunlar bir-bir oxunub, müqayisə olunmalıdır, tənqidi material yaranmalıdır. Yəni, həmin kitablar belə ağır və çətin proseslərdən keçərək hazırlanır. Tədqiqatçılarımızın çoxu da fars və ərəb əlifbası ilə məşğul olmurlar. Onlar bizim əlyazmalar sayəsində çalışsdığımız işləri götürüb təhlil edirlər. Biz materialları işləyib hazırlamasaq, onlar heç nə edə bilməzlər.
– Əlyazmaları qorumaq üçün fond yaratmaq kimin təşəbbüsü idi?
– Dəqiq demək çətindir. Ancaq 1920-ci illərdə Musabəyovun əlyazmaların toplanması ilə bağlı bir çıxışı olub. Başqa ziyalılarımız da buna çalışıblar. Lakin konkret kimlərin təşəbbüsü olduğu bilinmir. O dövrdə əlyazmaların məhv edilməsi prosesi ilə bərabər, yazılı, tarixi abidələrimizin bərpası prosesinin də getdiyini bilirik. Çox qəribədir, bir yandan deyirlər ki, əlyazmalar toplansın, digər tərəfdən də rayonlarımızda yandırırlar. Məsələn, Şəkidə, başqa rayonlarımızda külli miqdarda əlyazmalar məhv edilib. Burada gizlin bir şey yoxdur, yaşlı nəsildən kimi dindirsən, deyər. Yəni ki, bu formada ziddiyətli proses gedib.
– Belə çıxır ki, həmin dövrdə ziyalılarımızın və əlyazmalarımızın məhv edilməsinə eyni vaxtda start verilib?
– Bəli, ziyalılarımızın bir hissəsini məhv etdilər, bəzilərinə də əl vurmadılar. Məsələn, Üzeyir bəyə dəymədilər. Çox qəribədir. Üzeyir bəyin millətçiliyinə qalsa, o, hamısından millətçi idi. Yeri gəlmişkən, bu yaxınlarda Üzeyir bəyin şəxsi arxivini çapa təqdim etmişik. O materiallarda da sovet hökuməti gələnə kimi rusların işğalçılığı əleyhinə danışdığı açıq-aşkar görünür. Bolşeviklər gələndən sonra da millətçiliyini davam etdirib. Üzeyir bəy bütün türk xalqlarının hamısı ilə musiqi mədəniyyətini inkişaf etdirərək, onları yaxınlaşdırmaq sahəsində əlindən gələni edib.
– Əlyazmalarımız hansı xarici ölkələrdə var?
– Elə bir ölkə yoxdur ki, orada Azərbaycanın əlyazması olmasın. İran, Türkiyə, Fransa, İngiltərə, Pakistan, Hindistan, ABŞ, Şərqi Avropa və s. ölkələrdə olanların bir hissəsini şəxsi münasibətlərimiz sayəsində əldə etmişik. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikandan müəyyən sayda əlyazmalar gətirilib.
– Gətirilən əlyazmaların içərisindən bəzilərinin adlarını deyərdiniz?
– XV-XVI əsrdə yaşamış Nəsiminin davamçısı, hürufi şairi Süruri adında şairin kitabını çapa hazırlayıram. Rəhmətlik Həmid Araslı deyirdi ki, bizim belə bir şairimiz var, onun əsərləri olmalıdır. Bunu mən özüm son dövrlər üç şəhərdən – Türkiyənin iki kitabxanasından, bir də Vatikanın Apastol kitabxanasından gətirtmişəm. Və üç nüsxə əsasında müqayisəli mətn tərtib eləmişik. Bundan başqa, XVI-XVII əsrlərdə yaşamış Yusif bəy Ustaclı adlı şairi tanımırdıq. Vaxtilə Təbrizin valisi olub, həm də gözəl şairdir. Məclub Təbrizi adında şairi heç kim tanımır. Vəhit adında bir şairimiz də var, Səfəvi sayarında baş vəzir olub. Ana dilində divan yazıb. Onun divanını Berlin Dövlət Kitabxanasından gətirdik. Daha sonra yüksək vəzifələr tutmuş Mürtəzəqulu xan Şamlunun divanı çıxdı, onu da şəxsən mən çap etmişəm… Siyahı böyükdür.
İndi ortaya çıxan əlyazmaları da nəzərə alıb yeni bir Ədəbiyyat Tarixi yazmaq lazımdır. Əlbəttə, bu böyük zəhmət tələb edir. Ancaq hərə öz töhfəsini verməldir ki, bu iş ərsəyə gəlsin.
– Ermənistanda Əlyazmalar İnstitutunun sovet vaxtında yarandığını dediniz. Maraqlıdır, orada hansı əlyazmalar toplanıb?
– Orada ən dəyərli əlyazmalar bizimkilərdir. Bəzi tədqiqatçılarımız hələ sovet vaxtı gizli surətdə oradakı əsərlərin bəzilərini hissə-hissə götürüb çap ediblər.
Ermənilərin özlərinə aid əlyazmalar da var. Ancaq onların mövzusu dindir. Bizim Əlyazmalar İnstitutunda saxlanılan materialların mövzusu genişdir: Ədəbiyyat, mineralogiya, tibb, riyaziyyat, fəlsəfə, metafizikadan tutmuş, onlarla sahəyə aid əsərlər var. Ermənilərdə isə ancaq dini ədəbiyyatlardır. Onların da elə böyük əhəmiyyəti olsaydı, çoxdan car çəkmişdilər.
– İnstitutda nə qədər və kimlərin şəxsi fondları var?
– Cəmi 32 şəxsi fond var. Abbasqulu Ağa Bakıxanovdan tutmuş, Mirzə İbrahimova qədər.
– Bəs digəriləri hardadır?
– Salman Mümtaz adına Mədəniyyət və İncəsənət Arxivində saxlanılır.
– Əyazmalar İnstitunda çalışmaq üçün yeni kadrlar gəlirmi?
– İnstitutun tərkibində magistatura açılıb. Güman edirik gənclərimiz gələcək. Xüsusi qeyd edim ki, burada işləmək bilik, böyük səbr tələb edir. Əlyazmanı öyrənmək sahəsində mütəxəssis yetişdirmək üçün 20 il vaxt lazımdır. Yəni, elə belə yetişmir, gərək gözü öyrəşsin. Buna da gənclərin çoxunun səbri çatmır, dözmək istəmirlər. Gəlib baxır ki, əmək haqqı da azıdr. Özlüyündə hesabat aparır və görürsən ki, başqa yerdə işləməyə üstünlük verir. Ədalət naminə deyim ki, elə sovet dövründə də istənilən elm sahəsində ən fədakar adamlar işləyirdi. Bilirsiz, elm varlanmaq yeri deyil. Azərbaycan tarixində heç bir əsl alim varlanmayıb. Elmə girdinsə, gərək bunun çətinliklərinə də qatlaşasan. Ancaq məni ən çox narahat edən odur ki, bu işin ağırlığını çiyinlərində daşıyan bu nəslin yerinə gələn olacaq, ya yox? Düzdür, gələrlər, işləyərlər də. Görək o yükün ağırlığını götürəcəklərmi. Bu bir az çətin məsələdir. (admiral.az)
İnterpress.az