“Papa mojet” mal əti kolbasasında donuz əti aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
“Papa mojet” brendinə məxsus kolbasa məhsullarında donuz əti DNT-si aşkar edilib.
Gigiyena və Epidemiologiya Mərkəzinin ekspertləri tərəfindən aparılan laboratoriya yoxlamaları zamanı məhsulun tərkibində donuz ətinin olduğu sübuta yetirilib.
Mərkəz araşdırmanın nəticələrini Rospotrebnadzor-a təqdim edib. Məlum olub ki, Moskva vilayətinin Stupino şəhərindəki zavodda istehsal olunan kolbasanın qablaşdırılmasında onun yalnız mal və toyuq ətindən hazırlandığı qeyd olunsa da, əslində tərkibində donuz əti var.
Bu, markalanma qaydalarının kobud şəkildə pozulması və istehlakçıların çaşdırılması kimi qiymətləndirilib.
İstehsalçı kombinata rəsmi xəbərdarlıq edilib və qablaşdırma üzərindəki məlumatların dərhal düzəldilməsi tələb olunub.
Bu tədbir xüsusilə donuz ətinə qarşı allergiyası olan şəxslərin və dini səbəblərdən bu əti istehlak etməyən vətəndaşların hüquqlarının qorunması üçün zəruri hesab edilib.

Xuraman Etibarlı
İnterpress.az






