Telman İsmayılovun qardaşı daha yüngül cəza istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı, “İsmayılovlar”ın səs-küylü cinayət işi üzrə 17 il ciddi rejimli cəza çəkən Rafiq İsmayılov cəzasının dəyişdirilməsini tələb edir.
Onun vəkili qalan müddətin icbari işlərlə əvəz edilməsi üçün məhkəməyə vəsatət verib. Qətlə yetirilən iş adamlarının yaxınları bu qərara sərt reaksiya verərək, onun həbsxanada qalmasını tələb edirlər.
Xatırladaq ki, Telman İsmayılov və digər qardaşı Vaqif İsmayılov istintaqdan yayınaraq xaricə qaçıblar. 2017-ci ildə Basmannı məhkəməsi Telman İsmayılov barəsində qiyabi həbs qərarı çıxarıb.
İstintaqın versiyasına görə, qardaşlar “Stroymarket”in təsisçisi Vladimir Savkin və “Lyublino-Motors”un təsisçisi Yuri Brilyevi qətlə yetirmək üçün plan hazırlayıblar.
Buna səbəb Savkinə olan 5,5 milyon dollar (təxminən 9 350 000 manat) məbləğində borcu qaytarmaq istəməmələri olub.
2016-cı ilin mayında Moskva vilayətində kirayə qatil Mehman Kərimov iş adamları ilə görüşə gələrək onların “Land Cruiser” markalı avtomobilində hər ikisini güllələyib. Avtomobil Novorijsk şossesində qəzaya uğramış vəziyyətdə tapılıb.
Rafiq İsmayılov cinayət planında birbaşa iştirak edib, qatili hadisə yerinə gətirib və oradan uzaqlaşdırıb, həmçinin silahın gizlədilməsində köməklik göstərib.
Bu cinayətə görə Rafiq İsmayılov 17 il, Mehman Kərimov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az






